Modern.az

Etibar Məmmədov baş nazir HAQDA: “Milli adamdır”

Etibar Məmmədov baş nazir HAQDA: “Milli adamdır”

İqtisadiyyat

22 Aprel 2018, 11:54

Milli Məclisin dünən keçirilən plenar iclasında Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov ölkənin yeni baş naziri təsdiqlənib. Daha sonra Prezident bu təyinatı sərəncamla rəsmiləşdirib.


Novruz Məmmədov vaxtilə Azərbaycan Milli İstiqlal Partiyasının üzvlərindən biri olub.


Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov Modern.az-a açıqlamasında yeni Baş nazirlə bağlı təəssüratlarını bölüşüb.


“Novruz Məmmədov yaxından tanıdığım biridir. Ən əsası milli adamdır. O, işini dərindən bilən şəxsdir, məsuliyyətlidir. Novruz Məmmədova bundan sonrakı işlərində uğurlar arzulayıram. Hamı istəyir ki, yeni hökumət yaxşı işləsin, xalqın, dövlətin xeyrinə fəaliyyət göstərsin”.


AMİP lideri yeni hökumətin yaş faktoru məsələsində fikirlərində qaldığını söyləyib.


“Yeni hökumətdə “ancaq gənclər təmsil olunmalıdır” fikirləri doğru deyil. Düşüncə baxımından da gəncləşməlidir. Hökumətdə müasir düşüncəli komandanın olmasına ehtiyac var. Ona görə də yeni baş nazirdən gözləntilərimiz odur ki, xalqın etimadını doğrultsun. Dövlətin, millətin xeyrinə yaxşı çalışsın”.

 

Qeyd edək ki, Novruz Məmmədov 15 mart 1947-ci ildə Babək rayonunun Şıxmahmud kəndində anadan olub. 1964-cü ildə orta təhsilini başa vuraraq Azərbaycan Pedaqoji Dillər İnstitutunun "Avropa dilləri" fakültəsinin fransız dili şöbəsinə daxil olub.

1970-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirən Novruz Məmmədov 1967-1968-ci illərdə Əlcəzairdə, 1971-1973-cü illərdə Qvineyada, 1978-1981-ci illərdə isə yenidən Əlcəzairdə tərcüməçi və baş tərcüməçi işləyib. Novruz Məmmədov 1991-ci ildə dissertasiya işini müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini alıb.


O, 1992-1993-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun hazırlıq, 1993-1997-ci illərdə isə fransız dili fakültələrinin dekanı vəzifəsində çalışıb. 12 aprel 1997-ci ildə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev tərəfindən Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilən Novruz Məmmədov 1995-ci ildən 1997-ci ilə qədər Heydər Əliyevin fransız dili üzrə tərcüməçisi olub. 2002-ci ilin yanvarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ona Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi verilib.

 

Novruz Məmmədov 1998-ci ildə Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində xidmətlərinə görə Fransa Prezidenti Jak Şirak tərəfindən Legion d’Honneur - "Fəxri Legion" ordeni ilə təltif edilib. 2005-ci ilin sentyabrından YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının üzvüdür. Novruz Məmmədov 2007-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 2009-cu ildə Polşa Prezidenti Lex Kaçinskinin sərəncamı ilə Azərbaycan-Polşa münasibətlərinin inkişafı sahəsindəki xidmətlərinə görə Polşanın Fəxri Legion Ordeni ilə təltif olunub. 13 mart 2017-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu