Bu ayın əvvəlində Rusiyadan gətirilərək Bakı metropoliteninin vaqon parkına əlavə edilmiş daha 4 yeni qatardan ikisi artıq xətdədir.
Bunu Modern.az-a “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.
B.Məmmədov qeyd edib ki, bununla da hazırda metropoliten xətlərində hərəkət edən ən müasir tipli vaqonlardan ibarət qatarların sayı 13-ə çatdırılıb:
“Digər iki qatarda sazlama işləri tamamlanmaq üzrədir. Yaxın günlərdə müvafiq sınaq və tənzimlənmə tədbirlərindən sonra hər iki qatarın xəttə verilməsi gözlənilir. Ümumiyyətlə, Bakı metropoliteninin lokomotiv təsərrüfatında vaqon parkının yenilənməsi 2015-ci ildən başlayıb. 2019-cu ilin oktyabrında "Transmaşholdinq"lə bağlanmış müqaviləyə uyğun olaraq “Metrovaqonmaş” Bakı metrosunu növbəti iki il ərzində də, hər il 20 vaqon olmaqla, ümumilikdə, 8 qatar tərkibini formalaşdıran 40 vaqon istehsal edəcək".
Qurum rəsmisi bildirib ki, qatarların maksimal sürəti 90 km/saat, mühərriklərinin gücü 170 kilovattdır:
"Baş vaqonun çəkisi 38, orta vaqonun isə 36 tondur. Baş vaqon 38, orta vaqon 44 oturacaqlıdır. Həmçinin baş vaqonda 315, orta vaqonlarda isə 329 sərnişin mənzil başına rahat çatdırılır. Bu xüsusda onu da qeyd edək ki, qatarların vaqonlararası birbaşa keçid konstruksiyalı olması salonu 15 faiz genişləndirməklə daha çox sərnişin daşımağa imkan verir. Eyni zamanda sərnişinlərin qatar boyunca bərabər paylanması sərnişinlərin rahatlığını və təhlükəsizliyini artırır. Qapıların əvvəlki nəsil vaqonlardakından daha enli olması sərnişinlərin minib düşmə intensivliyinə də xüsusi təsir edir. Vaqonlarda ayaq üstə dayanan sərnişinlər üçün çoxfunksiyalı zonalar da var. İri yükləri, uşaq arabaları ilə hərəkət edən sərnişinlər üçün sahələr ayrılıb. Vaqonlardakı tutacaqlar da sərnişin sıxlığı nəzərə alınmaqla layihələndirilib. Baş vaqonların maşinist kabinasına yaxın hissəsində əlil arabaları üçün yerlər ayrılıb. Məlumdur ki, 2019-cu ildən Bakı metropolitenində əlil arabaları istifadəçiləri, ümumiyyətlə fiziki imkanları məhdud olan sərnişinlər üçün xüsusi xidmət növü fəaliyyət göstərir. “Əlçatan metro” layihəsi çərçivəsində metropolitenin köhnə nəsil qatarlarında da belə yerlər quraşdırılıb. Lakin 2015-ci ildən başlayaraq alınan vaqonlarda belə yerlər artıq vaqonların istehsal konstruksiyasında nəzərə alınır".
B.Məmmədovun sözlərinə görə, yeni vaqonlar məhz Bakı metropoliteninin texniki tələblərinə uyğun istehsal olunub: