“Bu ilin ilk 8 ayında Rusiyadan Azərbaycana yarım milyard dollardan çox vəsait köçürülüb. Bu da keçən ilə nisbətdə artımın müşahidə olunduğunun nəticəsidir”.
Bu sözləri Modern.az-a iqtisadçı Natiq Cəfərli bu il ərzində Rusiyadan Azərbaycana daxil olan valyuta haqqında danışarkən bildirib.
Ekspertin sözlərinə görə, Rusiyadan Azərbaycana daxil olan valyutanın ən pik nöqtəsi 2011-2013-cü illəri əhatə edir:
“Müstəqilliyimizdən bu günə qədər Azərbaycana ən çox Rusiyadan valyuta gəlib. Bunun pik nöqtələri 2011, 2012, 2013-cü illər olub. Təqribən hər il 4 milyard dollara yaxın vəsaitin Rusiyadan Azərbaycana müxtəlif yollarla daxil olması müşahidə olunub.
Təxminən 2015-ci ildən bəri bu səngiməyə başladı. Həm rubl dəyərdən düşməsi, həm Rusiyada, həm də Azərbaycanda devalvasiyanın olması, həyatın bahalaşması, biznes aktivliyinin aşağı düşməsi Rusiyadan gələn vəsaitə ciddi mənfi təsir göstərdi”.
O, pandemiyada ciddi azalmalar olduğunu, amma hazırda valyuta axınının artdığını deyib:
“2018-2019-cu illərdə digər illərə nisbətən artım müşahidə olunurdu. Artıq 1 milyard dollardan yuxarı bir vəsaitin Azərbaycana daxil olması görünürdü.
Amma pandemiya dövründə yenidən ciddi azalmalar oldu. Azərbaycana cəmi 400 milyon dollara yaxın vəsaitin daxil olduğunu Rusiya Mərkəzi Bankı deyir. Amma bu rəsmi köçürmələrdir. Ola bilər ki, qeyri-rəsmi köçürmələr də olsun.
Bu ilin ilk 8 ayında keçən ilə nisbətən daha çox pul köçürmələrinin olduğu bildirilir. Rəsmi mənbələrdə Azərbaycana ümumilikdə, ilin ilk 8 ayında yarım milyard dollardan çox vəsaitin köçürüldüyü görünür.
Ciddi şəkildə azalma var. Amma hələ də azərbaycanlıların qazanıb pul köçürdüyü ölkə Rusiyadır”.