Oktyabrın 4-də Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi keçirilib.
Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.
Dövlətimizin başçısına məlumat verilib ki, 10,5 hektar ərazini əhatə edən yaşayış məhəlləsi mərhələli şəkildə tikilib istifadəyə veriləcək. İlk mərhələdə 5 bina tikiləcək və buraya 200-ə yaxın ailə, yəni 654 sakin köçürüləcək. Məhəllədə 4, 5 və 6 mərtəbəli yaşayış, o cümlədən digər təyinatlı binalar olacaq. Bu məhəllədə və ümumiyyətlə, şəhərin mərkəzində tikiləcək binaların fasad və eyvanlarına tarixilikləri qorunmaqla, müasir görkəm veriləcək.
Qeyd edək ki, Cəbrayıl rayonunda işğaldan əvvəl 52 min sakin yaşayırdısa, indi onların sayı 82 minə çatıb. Burada ən vacib amillərdən biri də şəhərdə yaşayacaq insanlara veriləcək suyun yeraltı mənbələrdən çəkilməsidir. Doğma şəhərlərinə uzun illərdən sonra yenidən ayaq basan rayon sakinlərinə burada rahat yaşamaları üçün hər cür şərait yaradılır.
***
İlham Əliyev oktyabrın 4-də Cəbrayıl şəhərində akademik Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimində də iştirak edib.
960 şagirdin təhsil alacağı yeni məktəb binasında hər cür inventarla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri fəaliyyət göstərəcək. Məktəbin həyətində geniş idman meydançası tikiləcək ki, bu da sağlam nəslin yetişməsi üçün vacib amillərdəndir. Bir sözlə, doğma torpaqlarına geri dönən cəbrayıllı şagirdlər ən müasir tələblərə cavab verən təhsil ocağında oxuyacaqlar. 145 yaşlı bu tam orta məktəblə yanaşı, Cəbrayıl şəhərində daha 3 məktəbin tikilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, məktəb 1876-cı ildə tikilib istifadəyə verilmişdi.
Prezident İlham Əliyev məktəbin təməlini qoyub.
***
Ölkə başçısı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlqoyma mərasiminə də qatılıb.
Dövlətimizin başçısına məlumat verilib ki, Baş Plan layihəsinə əsasən şəhərin cənub hissəsində yerləşəcək yeni xəstəxananın ümumi ərazisi 2,6 hektardır. 150 çarpayılıq xəstəxana binasında yoluxucu xəstəliklər korpusu və bir sıra texniki təyinatlı binalar olacaq. Burada rayon sakinlərinə yüksək səviyyədə tibbi xidmət göstərmək üçün hər cür şərait yaradılacaq. Beləliklə, öz doğma yurdlarına qayıdacaq rayon sakinləri bu tibb ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.
Prezident İlham Əliyev Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyub.