Modern.az

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

Mərkəzi Bank uçot dərəcəsini qaldırdı

İqtisadiyyat

17 Dekabr 2021, 16:30

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin qaldırılması haqda qərar qəbul edib.


Modern.az-ın Banka istinadən verdiyi məlumata görə, uçot dərəcəsi 7%-dən 7,25%-ə, faiz dəhlizinin aşağı həddi 6% , faiz dəhlizinin yuxarı həddi isə 8%-dən 8,25%-ə qaldırılıb. Bu, 2021-ci ildə maliyyə requlyatorunun uçot dərəcəsinin artırılması üzrə üçüncü qərarıdır.

Mərkəzi Bank qeyd edib ki, inflyasiya təzyiqləri son vaxtlar qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır.

"Dünya bazarında birja məhsulları qiymətlərinin və ticarət tərəfdaşlarında inflyasiyanın yüksəlməsi, təchizat zəncirində qırılmalar və daşınma xərclərinin artımının təsirləri gözlənildiyindən daha əhəmiyyətli və davamlı xarakter alır. Daxili xərc amilləri, xüsusən dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılmasının inflyasiya proseslərinə təsiri davam etməkdədir. Qeyd olunan amillər qiymət gözləntilərini yüksəltməklə inflyasiyanın hədəf ətrafında lövbərləşməsini mürəkkəbləşdirir. 

İnflyasiyanın dinamikasının formalaşmasında monetar amillərin rolu əhəmiyyətli aşağıdir. Valyuta bazarında tarazlıq qiymətlər sabitliyinin əsas lövbərini gücləndirir və xarici mənşəli inflyasiyanı əhəmiyyətli dərəcədə neytrallaşdırır. 

Monetar şəraitin sərtləşdirilməsi ilə bağlı qərarlar monetar amillərin inflyasiya üzərində balanslaşdırıcı təsirlərini gücləndirir. 

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın risk balansında dəyişikliklər və iqtisadiyyatın ortamüddətli dövrdə perspektivləri nəzərə alınmaqla qəbul ediləcəkdir".

Bildirilib ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş ötən iclasından sonrakı dövrdə inflyasiya təzyiqlərinin artması davam edib:

"Rəsmi statistikaya görə noyabrda aylıq inflyasiya 1.5%, 12 aylıq inflyasiya isə 11.1% təşkil etmişdir. Orta illik inflyasiya yanvar-noyabr aylarında 6.2%, orta illik baza inflyasiya isə 3.9% təşkil etmişdir. İnflyasiyanın yüksəlməsi bütün məhsul və xidmət alt qrupları üzrə davam edir.

Noyabrda ərzaq məhsulları üzrə qiymət indeksi ötən ayla müqayisədə 1.9% yüksəlmiş, illik ərzaq inflyasiyası 14.9% təşkil etmişdir. Orta illik ərzaq inflyasiyası isə yanvar-noyabr aylarında 7.4% olmuşdur.

 Qeyri-ərzaq məhsulları üzrə qiymətlər noyabrda ötən ayla müqayisədə 0.5%, son 1 ildə 7.1% yüksəlmişdir. Yanvar-noyabr aylarında orta illik qeyri-ərzaq inflyasiyası 4.8% olmuşdur.

 Xidmətlər noyabrda 1.6%, son 1 ildə 9.1% bahalaşmışdır. Orta illik xidmət inflyasiyası yanvar-noyabrda 5.4% təşkil etmişdir. Xidmətlər üzrə inflyasiyaya dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin liberallaşdırılması amilinin təsirləri davam edir".

 

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi