Rəsmi Moskva Ermənistan, Azərbaycan və Rusiya liderləri arasında Soçidə əldə olunmuş razılaşmalar çərçivəsində konkret nəqliyyat layihələrinin mümkün qədər tez işə salınması ilə bağlı dialoq aparır.
Modern.az xəbər verir ki, bu barədə cümə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Brüssel görüşündən sonra elan edilən təşəbbüslər Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişini inkişaf etdirir. Onların əsaslı müzakirəsi baş nazirlərin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli işçi qrup vasitəsilə davam etdirilir", - Zaxarova deyib.
Onun sözlərinə görə, bu mexanizm çərçivəsində Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokadadan çıxarılması məsələlərinin bütün kompleksinin, o cümlədən regionda həm dəmir yolu, həm də avtomobil nəqliyyatının bərpası nəzərdə tutulur.
"Biz problemləri həll edirik və onlarla işləyirik. Münasib atmosferi yaratmaq və formalaşdırmaq çox vacibdir. Önə çıxan problemləri hamımız görür, düzəldirik. Biz bütün bunları başa düşürük, nəzərə alırıq, tək-tək və kollektiv şəkildə danışırıq”, - deyə rusiyalı diplomat izah edib.
Xatırladaq ki, noyabrın 26-da Soçidə keçirilən danışıqlarda Ermənistan, Rusiya və Azərbaycan liderləri - Nikol Paşinyan, Vladimir Putin və İlham Əliyev baş nazir müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrupun fəaliyyətini yüksək qiymətləndiriblər.
Onlar regionun iqtisadi potensialının üzə çıxarılması üçün tez bir zamanda konkret layihələrə start verilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası mexanizmlərinin yaradılmasının başa çatdırılması planlaşdırılır.