Bir çox dünya ölkələrində qaynar turizm mövsümü kimi yay fəsli qəbul edilsə də, sərt qış aylarında istirahət etmək istəyənlər də az deyil. Vətəndaşlarımız qış aylarında ən çox Türkiyəyə, Birləşmiş Ərəb Əmirliklərinə, Fransaya, Çexiyaya və Almaniyaya səfər edirlər. Xarici ölkələrdən də Azərbaycana səfər edənlər çox olur.
Azərbaycanda Yeni il bayramı ilə bağlı 5 gün iş olmayacaq. Belə ki, 2021-ci il dekabrın 31-i və 2022-ci il yanvarın 1 və 2-i bayram günləri ilə bağlı qeyri-iş günüdür. Bayram günləri şənbə və bazar günlərinə təsadüf etdiyindən yanvarın 3 və 4-ü də tətil günlərinə daxil edilib. Elə bu səbəbdən bölgələrə, otellərə üz tutanların sayında artım var. Otellərdə isə 1 gecəsi 300 manatdan tutmuş 3 min manata qədər hər qiymətə xidmətlər təklif edilir.
Azərbaycan Turizm Bürosunun turizm sənayesi və destinasiyanın inkişafı departamentinin direktoru İlkin Cavadov hazırda turzim bazarının vəziyyəti haqqında Modern.az-a danışıb.
İ.Cavadov söyləyib ki, həm qış mövsümü, həm də Yeni il ərəfəsi olduğu üçün turizm bazarında canlanma var:
“Bununla belə, turizm bazarında qiymət yüksəkliyi var. Bu ilk deyil, çünki hər il bu aylar ərzində turizm bazarında bahalaşma olur. Əksər turizm destinasiyalarda qiymətin formalaşdırılmasında mövsüm amili çox vacib rol oynayır. Elə destinasiyalar var ki, yay mövsümü, eləsi də var ki, qış mövsümü daha populyardı. Həmin mövsümdən asılı olaraq xidmətlərdə qiymətlər dəyişir. Bu da bir tərəfdən həm də açıq bazar iqtisadiyyatının xüsusiyyətidir".
Direktor bu halın bütün dünyada müşahidə edildiyini deyib:
"Bütün dünyada da belədir ki, bayram olan zaman qiymətlər dəyişir. Ölkəmizdə də Yeni il bayramı yaxınlaşdığı üçün qiymətlər artıb. Sahibakarlar nəyəsə tələbin çox olduğunu bilir və daha çox mənfəət əldə etmək üçün qiymətlər qaldırılır. Onu da qeyd edim ki, bu artımla bağlı hər hansı qurum mübarizə aparmır. Çünki bu açıq bazar iqtisadiyyatıdır. Tələb getdikcə artsa müəyyən uyğunluqla qiymətlərdə də enmə olacaq. Həm qış mövsümü, həm də Yeni il ərəfəsi olduğu üçün turizm bazarında canlanma var. Hazırda otellərə böyük tələbat var və qiymətləri yetəri qədər yüksəkdir”.