2021-ci il dövlət büdcəsinin kəsiri 3116,0 mln. manat proqnozlaşdırılsa da, faktiki kəsir 1017,0 mln. manat təşkil etməklə proqnoza qarşı 2099,0 mln. manat və ya 67,4 faiz az olub.
Maliyyə Nazirliyindən (MN) Modern.az-a verilən xəbərə görə, bu barədə 2021-ci il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda bildirilib.
Büdcə kəsirinin ümum daxili məhsula nisbəti 1,1 faiz (proqnoza nisbətən 2,7 faiz-bənd az) təşkil edib.
Kəsirin maliyyələşdirilməsi imzalanmış layihələr üzrə xaricdən cəlb edilən kreditlər (346,6 mln. manat), daxili və xarici borclanma (557,7 mln. manat) və dövlət əmlakının özəlləşdirməsindən (112,7 mln. manat) daxil olan vəsait hesabına həyata keçirilib.