“Hazırda daşınmaz əmlak bazarında sabitlikdir. Pandemiyaya qədərki dövrlə müqayisədə aktivlik çox aşağıdır. Alıcılar daha çox mənzil alıcılarıdır. Onlar da üstünlüyü ipoteka kreditindən yararlanmağa verirlər”.
Bunu Modern.az-a açıqlamasında “MBA” konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib.
N.İbrahimovun sözlərinə görə, bazarda əsas daşınmaz əmlak alıcıları yaşayış mənzilinə olan tələbi ödəyən gənc ailələrdir:
“Keçən illə müqayisədə heç bir dəyişiklik yoxdur. Ancaq ötən illərlə müqayisədə struktur dəyişikliyi var. Əvvəllər daha böyük sahəyə malik mənzillərə üstünlük verilirdi, ancaq indi kiçik sahəli mənzillərə üstünlük verilir. Bir neçə il əvvələ qədər böyük, biznes mərkəzində yerləşən obyektlərə üstünlük verilirdisə, indi yayınmalar var.
Tikinti şirkətləri əvvəl böyük komplekslərin tikintisinə üstünlük verirdi, ancaq hazırda bu hal müşahidə olunmur. Çünki zaman göstərir ki, gələcəkdə böyük həcmə, sahəyə malik obyektlərə ehtiyac qalmayacaq”.
Ekspert deyib ki, yanvar ayında qiymətlərdə 0. 08% azalma olub, amma ötən ilin eyni dövrü ilə müqayisədə 3.7% artım var:
“Seqmentlər üzrə təkrar mənzil bazarında ay ərzində 1.65% qiymət artımı qeydə alınıb. İlkin mənzil bazarında isə 1 kvadratmetrin qiyməti 2.1% artaraq 1408 manata çatıb.
Fərdi yaşayış evlərində və kommersiya obyektlərində qiymət azalması olub. Fərdi yaşayış evləri və bağ evlərində 2.55%, kommersiya obyektləri bazarında 5.24% qiymət azalması müşahidə edilib.
Torpaq bazarında isə cüzi olaraq 0.14% azalma var. Torpaq bazarında azalma qeyri-mövsümi aylarda da davam edir. Çünki tələb yoxdur. Bu gün alıcılıq qabiliyyətinə qiymətlər yox, kreditin əlçatanlığı təsir edir. İnsanlar əvvəl nağd pulla mənzil almağa üstünlük verirdilər ki, bu da nəticədə aktivliyə qədər təsir edirdi. Hazırda alıcılıq bank kreditləri hesabına gerçəkləşdirildiyi üçün aktivliyə təsir göstərmir”.