Modern.az

“Hələ də bəzi icra başçıları özlərini kiçik padşah kimi aparır” - Deputat

“Hələ də bəzi icra başçıları özlərini kiçik padşah kimi aparır” - Deputat

21 Fevral 2022, 12:23

Prezident İlham Əliyev Nərimanov, Nizami, Kürdəmir rayonlarına yeni icra başçıları təyin edərkən bütün məmurlara bir daha ciddi xəbərdarlıq etdi. Hamının qanun qarşısında bərabər olduğunu bildirdi. Dövlət məmurlarını qanunazidd əməllərdən uzaq olmağa, vətəndaşlara diqqət və qayğı ilə yanaşmağa çağırdı.


Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Prezident İlham Əliyev dəfələrlə yeni vəzifə təyinatları zamanı dövlət məmurlarına ciddi xəbərdarlıqlar edib.

“Təəssüf ki, bəzi məmurlar bu xəbərdarlıqlardan nəticə çıxarmadılar və əvvəlki əməllərinə davam etdilər. Nəticədə bir neçə icra başçısı həbs olundu”.


Deputat təəssüflə bildirib ki, bu gün də bir sıra rayonlarda İcra hakimiyyətlərindən narazılıqlar var.

“Hələ də bəzi icra başçıları vətəndaşlarla münasibəti düzgün qurmur, kabinetdən çıxmır, özlərini kiçik padşah kimi aparırlar. Bu da cəmiyyətdə haqlı olaraq narazılıq yaradır. Bütün icra başçıları öz vəzifələrini məsuliyyət və vicdanla yerinə yetirsələr, zaman-zaman İcra hakimiyyətləri qarşısında vətəndaş özünü yandırmaz və ya mitinq keçirməzdi.


Vəzifə imtiyaz və ya üstünlük deyil, yüksək etimad və məsuliyyət deməkdir. Prezident İlham Əliyevin hər zaman qeyd etdiyi kimi, yüksək etimad göstərilən hər bir dövlət məmuru məsuliyyətini dərk etməli, xalqın qulluqçusu olmalı, xəyanət etməməli, vəzifəsindən irəli gələn öhdəlikləri vicdanla və ləyaqətlə yerinə yetirməli, vətəndaşlarla münasibəti düzgün qurmalı, onlarla daimi əlaqədə olmalı, problemlərinə həssas,  yüksək diqqət və qayğı ilə yanaşmalıdır”.



Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsindəki  şanlı qələbəmizdən sonra bölgədə yeni siyasi və iqtisadi reallıq yaranıb.

“Dövlətimiz yeni mərhələyə qədəm qoyub. Qarşıda bizi böyük quruculuq işləri gözləyir. Dövlətçiliyimizi, müstəqilliyimizi, qələbəmizi daha da möhkəmləndirmək.


Hazırda ölkəmizdə kadr islahatları uğurla həyata keçirilir. Son aylar bir çox sahələrə yeni gənc kadrlar təyin olunub. Kadr təyinatında bilik və bacarıqlara xüsusi önəm verilir. Bütün bu addımlar ölkəmizin inkişaf və tərqqisinə öz ciddi töhfəsini verəcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada dəhşət yaşanır - Ukraynadan dağıdıcı hücum