Modern.az

AmCham Azərbaycanın ilk qadın prezidenti seçildi

AmCham Azərbaycanın ilk qadın prezidenti seçildi

İqtisadiyyat

4 Mart 2022, 08:54

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Direktorlar Şurası və prezidentliyinə seçkilər keçirilib.


Modern.az xəbər verir ki, seçkilərin nəticəsinə əsasən, Nərgiz Nəsrullayeva-Müdüroğlu AmCham Azərbaycanın ilk qadın prezidenti seçilib.


Nərgiz Nəsrullayeva-Müdüroğlu dövlət və özəl sektorda rəhbər vəzifələrdə çalışıb və 25 illik təcrübəyə malikdir. O, Harvard Kennedi Məktəbinin məzunudur. Xanım Nəsrullayeva-Müdüroğlu Landmark Biznes Mərkəzini təmsil edir. O, həmçinin 45 milyard dollarlıq aktivi olan Azərbaycan Dövlət Neft Fondunun (ADNF) icraçı direktorunun müşaviri vəzifəsində çalışır.


N.Nəsrullayeva-Müdüroğlu dövlət sektorunda fəaliyyətə başlamazdan öncə 11 il AmCham Azərbaycanın icraçı direktoru vəzifəsində çalışıb. Bu illər Palatanın inkişafında mühüm rol oynayıb. Belə ki, həmin dövrdə Palatanın üzvlərinin sayı 90 şirkətdən 300-ə çatıb, üzvlər üçün xidmətlərin dairəsi genişlənib və inkişaf edib. Bundan əlavə, o, Palatanın siyasətini və qanunvericilik işini gücləndirərək AmCham Azərbaycanı biznesin real səsi və ölkənin iqtisadi inkişafında müsbət qüvvəyə çevirməyə nail olub.


Palata üzvlərinin səlahiyyətli nümayəndələrinin iştirak etdiyi seçkilərin nəticəsinə əsasən aşağıdakı şəxslər növbəti iki il müddətinə (2022-2024-cü illər) AmCham Azərbaycanın Direktorlar Şurasına seçiliblər:


AmCham prezidenti Nərgiz Nəsrullayeva-Müdüroğlu, Landmark Biznes Mərkəzi

Şahin Məmmədov, PASHA Holdinq

Zaur Allahverdizadə, BAKER HUGHES

Dəyanət Sədullayev, PMD Group

Rəna Məmmədova, COCA-COLA

Teymur Mahmudov, SOCAR

Elnarə Məmmədova, BP

Kənan Tabasaranski, Smart Solutions Group

İlqar Mehti, EKVITA

Bəxtiyar Axundov, MOL Azərbaycan


Qeyd edək ki, AmCham Azərbaycan 1996-cı ildən ölkədə fəaliyyət göstərir və hazırda ölkədəki xarici investisiyaların 80%-dən çoxunu təmsil edən 250 üzv şirkəti özündə birləşdirir. Palata hökumətlə özəl sektor arasında körpü rolunu oynayır və müvafiq dövlət qurumları ilə davamlı konstruktiv və nəticəyönümlü dialoq aparır. Palata üzvlərinin biznes maraqlarını təşviq edir və Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına töhfə verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi