Modern.az

Sanksiyalar nefti bahalaşdırır - Bu, bizim xeyrimizədir

Sanksiyalar nefti bahalaşdırır - Bu, bizim xeyrimizədir

İqtisadiyyat

4 Mart 2022, 15:31

Ukrayna-Rusiya müharibəsi dolayı yolla neftin qiymətinin kəskin bahalaşmasına səbəb olub. Hazırda Azərbaycan neftinin qiymətində rekord yüksəliş qeydə alınmaqdadır.

 

Bu günə olan son məlumata əsasən, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,07 ABŞ dolları, yaxud 1,8 % artaraq 118,17 ABŞ dollarına çatıb. “Qara qızıl”ın bahalaşması Rusiyaya qarşı tətbiq olunan sanksiyalarla əlaqələndirilir.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, indi neftin qiymətinin artması Azərbaycan üçün çox faydalıdır:

 

“Azərbaycan neft-qaz gəlirlərindən, əsasən də neft gəlirlərindən çox asılıdır. Neftin qiymətinin artması valyuta gəlirlərini artırır. Makroiqtisadi göstəricilər və ÜDM göstəriciləri yaxşılaşır. Bu baxımdan neft qiymətinin artmasının Azərbaycan üçün yalnız faydası var”.

 

 

Onun sözlərinə görə, amma Azərbaycanın neft ixracatının müəyyən məhdudiyyətləri mövcuddur:

 

“Biz neftdən istehlak  üçün istifadə olunan hissəsini çıxdıqdan sonra yerdə qalan neftin hamısını satırıq. Əlavə neft çıxarmaq və satmaq məhdudiyyəti var deyə, imkanlarımız məhduddur. Təbii ki, Rusiyanın  ixrac etdiyi nefti əvəzləyə bilmərik. Rusiya Avropaya gün ərzində 4 milyon barel neft satır. Azərbaycanın hasilatı isə cəmi 710-712 min bareldir. Bunun bir hissəsi daxili istehlak üçün istifadə olunur. Xaricə isə təqribən 500-550 min barel neft satırıq. Yəni bizim fiziki olaraq Rusiyanı əvəz etmək imkanımız yoxdur”.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

 

Turqay Musayev

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi