"Operativ Qərargah bu gün daha çox şadlıq saraylarının sahiblərini sevindirdi. Çünki say məhdudiyyəti toylardan başqa yerlərdə formal xarakter daşıyırdı. Əksər hallarda bu məhdudiyyətlər davamlı pozulurdu. Amma toylarda say limiti əməl edilən ən ciddi məhdudiyyət idi. Az sayda qonaqla toy etmək isə çəkilən toy xərcini ödəməyə imkan vermirdi. Ona görə toyların sayı kəskin azalmışdı. İnsanlar gözləmə mövqeyində idi. Daha çox adam dəvət edə biləcəkləri anı gözləyirdilər. Bugünkü qərar bu fürsəti yaratdı".
Bunu Modern.az-a açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Azərbaycanda karantin rejimi qaydalarının yumşaldılmasına münasibət bildirən ekspertin fikrincə, yeni qərardan sonra toyların sayı ciddi şəkildə artacaq və toy biznesində canlanma olacaq.
"Musiqiçilər, ofisiantlar, aşbazlar və müxrəlif xidmət personalı da bu xəbərdən sevinməlidir. Hətta gözəllik salonlarına və digər toya xidmət sahələrinə də təsir edəcək. İkinci canlanma mərasim zallarında olacaq ki, bu da orada çalışanlar üçün çox vacib idi. Qəlyan və masaj xidmətlərinə icazənin verilməsi təbii olaraq, bu sahədə də iqtisadi aktivlik yaradacaq.
Beləcə, Operativ Qərərgah çox insanları sevindirdi: Toy etmək üçün əlverişli məqam gözləyənləri, bu məhdudiyyətə görə nişanlanmağa belə tələsməyən sevgililəri, çörəyi "ölüm"dən çıxan mərasim kontingentini, əlindən "masaj"dan başqa iş gəlməyənləri və s. Amma heç kim şadlıq evlərinin sahibləri qədər sevinə bilməz. Çünki, onların milyonluq qazancları bu millətin 1 qəpiklik mənası olmayan yeni toy adətlərindən çıxır", - deyə iqtisadçı söyləyib.
Qeyd edək ki, Azərbaycanda karantin rejimi yumşaldılıb. Nazirlər Kabineti yanında Operativ Qərarganın müvafiq qərarına əsasən, martın 6-dan etibarən dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qrup və fərdi qaydada qəbuluna, dini ritual xidmətlərinin, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkilinə və keçirilməsinə, bütün kütləvi tədbirlərin, o cümlədən idman tədbirlərinin keçirilməsinə, ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadəyə, masaj xidmətlərinin göstərilməsinə və sərnişinləri qarşılayan və yola salan şəxslərin hava limanının terminalına girişinə icazə verilib.
Həmçinin oxuyun:
Azərbaycanda karantin rejimi YUMŞALDILDI