Modern.az

Ukraynadakı müharibə qıtlıq və bahalaşma VƏD EDİR

Ukraynadakı müharibə qıtlıq və bahalaşma VƏD EDİR

İqtisadiyyat

6 Mart 2022, 17:20

“Rusiya-Ukrayna müharibəsi artıq dünya bazarında və regionda qiymətlərə təsir göstərir”.

Bunu Modern.az-a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib.

O qeyd edib ki, Rusiya bir sıra ərzaq məhsullarının, xüsusilə buğdanın ixracatında xüsusi paya malikdir:  “Eyni zamanda Ukrayna da kənd təsərrüfatı məhsullarının, o cümlədən buğdanın eksportunda regionun öncül ölkələrdəndir. Müharibə regionda və dünya bazarlarında buğdanın qiymətində yenidən bahalaşmaya səbəb olmağa başlayıb. Bu, buğda daxil olmaqla bir sıra məhsulların ixracatında yaranmış problemlərdən qaynaqlanıb.

Bir tərəfdən 2020-2021-ci illərdə pandemiya səbəbilə sərt karantin rejiminin tətbiqi kənd təsərrüfatı məhsullarının istehsalında azalmaya səbəb olmuşdu. Buna görə buğdanın qiyməti bahalaşmışdı. Müharibədən sonra ərzaq istehsalının azalması davam edir. Növbəti illər üçün əsas proqnozlardan biri qlobal istehlak bazarında qiymət artımlarının davam etməsi, eyni zamanda bir sıra ərzaq məhsullarının azalması ilə bağlıdır”.

Deputatın sözlərinə görə, Azərbaycan artıq qabaqlayıcı addım atmağa başlayıb:

“Hətta müharibədən öncə Azərbaycan Prezidenti cənab İlham Əliyevin göstərişi ilə strateji məhsulların ehtiyat fondunun yaradılmasının intensivləşdirilməsi aparıldı. Məqsəd bu idi ki, dünya bazarında baş verən qiymət artımları, təklifdəki azalmaların Azərbaycan istehlak bazarına təsirləri minimuma endirilsin. Xüsusilə prosesin fonunda daxili tələbatın ödənilməsində yerli istehsalın təsirini gücləndirmək ön planda idi. Bununla əlaqədar önəmli tədbirlər həyata keçirilməkdə davam edir”.

Qeyd edək ki, fevralın 24-də Rusiya ordusu Ukraynaya qarşı hərbi əməliyyatlara start verib. Müharibədən sonra Qərb ölkələri Rusiyaya sərt sanksiyalar tətbiq etməyə başlayıb. Bu səbəbdən son günlər dünya bazarında neftin qiymətində kəskin artım müşahidə edilir. Bahalaşmanın digər məhsullardan da yan keçməyəcəyi proqnozlaşdırılır. Ehtimal edilir ki, Ukraynadakı müharibə regionda ərzaq qıtlığına və kəskin bahalaşmağa səbəb olacaq. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi