Rusiyaya tətbiq etdiyi 4-cü sanksiyalar paketi ilə Qərb ölkələri şimal qonşumuzdan bir sıra məhsulların idxalına qadağa qoyub. Azərbaycan əsas ticarət tərəfdaşlarından olan Rusiyadan bir sıra məhsulları idxal edir. Əsas idxal olunan məhsullara taxıl və taxıl məhsulları,eyni zamanda tikinti materialları daxildir. Ekspertlər idxal-ixrac əməliyyatlarındakı məhdudiyyətlərin ərzaq qıtlığına, bahalaşmaya səbəb olacağını proqnozlaşdırır.
Bəs Azərbaycanı nə gözləyir?
Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Ukraynada baş verən hadisələr və Rusiyaya tətbiq edilən sanksiyalar,əlbəttə ki, ərzaq qıtlığına öz təsirini göstərəcək:
“Ancaq indidən bu məhsulların adını heç kim proqnozlaşdıra bilməz. Bizim Ukraynadan və Rusiyadan idxal etdiyimiz məhsullar var. Müharibə uzun müddət davam edərsə, əlbəttə, idxal etdiyimiz bu məhsullarda müəyyən qiymət artımları baş verə bilər. Rusiyanın bəzi məhsullarına rüsumlar tətbiq edilir. Bu səbəbdəndir ki, artıq tikinti materiallarında qiymət artımı müşahidə edilir. Digər yandan, biz Rusiyadan taxıl idxal edirik”.
Parlamentarinin sözlərinə görə, hər şey müharibənin nə qədər davam edəcəyindən asılıdır:
"Müharibə qısamüddətli olsa, sanksiyalar aradan götürülsə, müəyyən dövrdən sonra vəziyyət normala qayıda bilər. Bu sanksiyalar Ukrayna və Rusiya ilə idxal-ixrac əlaqələri olan bütün ölkələrə təsir edir. Biz dünən əsasən taxılla bağlı məsələni soruşduq. Bizə deyildi ki, problem yoxdur, kifayət qədər taxıl ehtiyatımız var".
Deputat qeyd edib ki, bu məhsulları yalnız Ukrayna və ya Rusiyadan yox, başqa ölkələrdən də idxal edə bilərik:
“Münasibətlərimiz yaxşı olan ölkələrlə, məsələn, Qazaxıstan, Pakistan kimi ölkələrlə əlavə müqavilələr imzalayıb taxıl və digər məhsulları idxal edə bilərik. Burada artıq elə tədbirlər həyata keçirmək lazımdır ki, belə məhsulların yalnız Ukraynadan, Rusiyadan yox, başqa ölkələrdən almaq imkanı yaransın. Azərbaycanın kifayət qədər valyuta ehtiyyatı var. Buna görə də, bu məsələnin qarşısını almaq olar”.