Modern.az

Siqaret və spirtli içkilər bahalaşa BİLƏR

Siqaret və spirtli içkilər bahalaşa BİLƏR

17 Mart 2022, 17:38

Azərbaycanda tütün məmulatlarının və spirtli içkilərin qiymətinin artacağı gözlənilir. Ölkəyə gətirilən bəzi malların aksiz dərəcələrinin artırılmasının bahalaşmaya səbəb olacağı ehtimal edilir.

 

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, aksiz dərəcəsi tərkibində tütün olan siqaretlərin, eləcə də tərkibində tütün əvəzləyicisi olan siqaretlərin 1000 ədəd üçün 43,0 manatdan 46,5 manata qaldırılıb. Eyni zamanda istehlak olunan tütün və tütün məhsullarının 1000 ədəd üçün 12,9 manatdan 14 manata artırılıb.

 

Digər qərara əsasən, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata qaldırılıb. Bundan əlavə, aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün 1 litr üçün 11,2 manatdan 12 manata artırılıb.

 

Aksiz dərəcələrinin artırılması məhsulların qiymətinə necə təsir edəcək?

 

Mövzu ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, istənilən halda vergilərin, gömrük rüsumlarının artırılması məhsulların qiymətlərinə mütləq şəkildə təsir göstərir.

 

Yerli istehsalın qiymətində də artım gözlənilir

 

 

“Spirtli içkilər və tütün məmulatları ilə bağlı son üç ildə 4-cü belə qərar qəbul olundu. Bu da öz növbəsində həmin məhsulların hər dəfə qiymətinin artmasına səbəb olur. Özü də söhbət tək xaricdən gətirilənlərdən getmir, elə yerli məhsulların da qiyməti artacaq. Çünki, spirtli içkilərlə bağlı qəbul olunmuş qərarda xaricdən gətirilən və daxildə spirtli içkilərdə istifadə olunan xammalın aksiz dərəcəsi qaldırılır. Bu o deməkdir ki, yerli istehsalın qiymətində artım olacaq”

 

Natiq Cəfərlinin fikrincə, siqaret və spirtli işçilərin bahalaşması dünyanın digər ölkələrində də müşahidə edilir. Lakin artımla bağlı qərarlar etirazla qarşılanmır:

 

“Bunu formal olaraq sağlam həyat tərzinin təşviqi ilə əlaqələndirirlər. Bu, dünyada çox yayılmış məsələdir. İnsanlar etiraz etmir. Çünki, tütün və spirtli içkilər sosial məhsullar deyil”.

 

Bu məhsulların qiymətinin artması qara bazar üçün zəmin yarada bilərmi? 

 

Ekspert sualımıza cavab olaraq bildirib ki, spirtli içkilərin qiyməti yüksəldikcə, vergilər və aksiz dərəcələri qalxdıqca saxta içkilərin bazara çıxması ehtmalı artır:

 

“Bu da nəticə etibarilə bir müddət sonra insanların sağlamlığına daha çox zərər vurur. Biz bunu qardaş Türkiyədə gördük. Onlar vergilərin qiymətini çox artırdılar. Satılan içkilərin maya dəyərinin 70%-ni vergilər təşkil edir. Bir çox yerlərdə saxta içkilər satışa çıxarıldı və insanların ölümünə səbəb oldu. Bunun digər bariz nümunəsi Rusiyadadır. Orada da qiymət kəskin artırılmışdı. Rəsmi rəqəmlərə görə, hər il saxta içkilərdən 20-25 min insan həyatını itirib. Belə vəziyyətdə diqqətli olmaq lazımdır. Vergilərin, aksiz dərəcələrin qaldırılması mümkündür, burada bir problem görmürəm. Amma, elə həddə qədər qaldırılmalıdır ki, bu addım qara bazarın yaranmasına səbəb olmasın”.

 

Fatma Abdulla

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi