ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) baza faiz dərəcəsini 4 illik fasilədən sonra artıraraq illik 0,25-0,5%-ə çatdırması dünyanın iqtisadi gündəmində geniş müzakirələrə səbəb olub. Yerli ekspertlər hesab edirlər ki, FED-in qərarı dollarla yanaşı Azərbaycanın milli valyutası olan manatın məzənnəsinə də təsir edə bilər.
Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, FED-in son qərarı gözlənilən idi:
“Əslində FED-in payız artımı ilə bağlı qərarı, üç ay öncə elan edilmişdi, yenilik deyildi. Bazarlar, birjalar da obrazlı desək, bu xəbəri “həzm etmişdilər”. Yəni, təəccüblü bir şey olmadı. Ona görə də FED-in yeni qərarı dünyada dolların indeksinə elə də ciddi təsir göstərməyəcək.
FED rəhbəri mətbuat konfransında elan etdi ki, bu il faiz artımları davamlı şəkildə olacaq. 4 və ya 5 toplantıda yenidən faiz artımları ola bilər. Bu artıq daha ciddi siqnaldır”.
Bəs bu artım manata necə təsir göstərəcək?
Natiq Cəfərlinin sözlərinə görə, FED və ya digər maliyyə resurslarının manata birbaşa təsir imkanları yoxdur.
“Dünya və maliyyə birjalarında gedən proseslərin manata birbaşa təsiri yoxdur. Manatın məzənnəsi birjalarda müəyyənləşdirilmir, inzibati qaydada tənzimlənir. FED və digər maliyyə resurslarının manata birbaşa təsiri yoxdur. Əksinə, manata yeganə təsir edən neftdir ki, onun da qiymətinin yüksək - 100 dolar civarında olduğunu nəzərə alsaq, manata ciddi basqının yaranacağını düşünmürəm. Çünki, ticarət və maliyyə balansında müsbət yüksəliş var, ölkəyə gələn valyutanın həcmi artıb. İndiki şəraitdə manatı ciddi təhlükə gözləmir. Bir daha deyirəm, manat neftə bağlıdır. Neftin qiyməti yüksək qaldığı müddətdə manata heç bir mənfi təsir olacağını düşünmürəm”, - deyə ekspert fikirlərini izah edib.
Fatma Abdulla