Modern.az

Rusiyalı oliqarxlar Azərbaycanda biznes qura bilər?

Rusiyalı oliqarxlar Azərbaycanda biznes qura bilər?

İqtisadiyyat

29 Mart 2022, 08:52

Ukraynadakı müharibə səbəbindən Qərbin “ölümcül” sanksiyalarına məruz qalan rusiyalı oliqarxlar düşdükləri acınacaqlı durumdan xilas olmağın yollarını axtarırlar. Avropa və Amerika kimi münbit bazarları itirən rus iş adamları Moskvaya yönələn sanksiyalara qoşulmayan və tam təhlükəsiz iş mühiti vəd edən ölkələrdə biznes qurmağa can atır, bu istiqamətdə danışıqlar aparırlar.

 

Bu yaxınlarda qardaş Türkiyə rəsmən açıqlama yayaraq, qapılarını Qərbin iqnor etdiyi rusiyalı iş adamlarına açmağa hazır olduğunu bəyan etdi. Xarici işlər naziri Mövlud Çavuşoğlu rus oliqarxlarla bağlı suala aydınlıq gətirərək, onların Türkiyədə qanuni biznes fəaliyyətilə məşğul ola biləcəklərini diqqətə çatdırdı:

 

“Rusiya oliqarxları Türkiyəyə gələ bilərlər. Rusiyadan oliqarxlar gəlib, burada bir iş qura bilərmi? Əgər qanunidirsə, beynəlxalq hüquqa zidd deyilsə, qura bilərlər”.

 

Bəs, Türkiyə ilə yanaşı Azərbaycan da Rusiyanın iş adamlarını qəbul etməyə hazırdırmı?

 

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov rusiyalı biznesmenlərin Azərbaycana iş təklifi ilə bağlı müraciət etməsi haqda xəbərsiz olduğunu söyləyib.

 

Deputat hesab edir ki, indiki situasiyada kifayət qədər ehtiyatlı olmaq lazımdır:

 

“Çünki hələ müharibə bitməyib, döyüşlər davam edir. Həmçinin Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar gedir. Bundan sonra hansı əlavə sanksiyalar olacaq, hələ məlum deyil. Ona görə mən hesab edirəm ki,  hələ bir qədər gözləmək lazımdır, görək, vəziyyət necə cərəyan edəcək. Sanksiya tətbiq olunan şəxslər öz vəsaitlərini çıxarmaq üçün başqa ölkələrə müraciət edirlərsə, bu addım əlavə sanksiyalara səbəb ola bilər. Əlbəttə, Azərbaycan o siyahıda olmaq istəmir. Bu baxımdan Azərbaycan Prezidenti çox düzgün  siyasət aparır. Bundan əlavə, sanksiya tətbiq edilən oliqarxların çıxarmaq istədiyi vəsaitlərin mənbələri də bilinmir”.

 

 

Türkiyəyə gəlincə, deputat qeyd edib ki, qardaş ölkənin çox böyük ticarət əlaqələri var. Eyni zamanda, Türkiyə Rusiya və Ukrayna arasında danışıqlarda mərkəz rolunu oynayır.

 

“Düzdür, bu məsələdə Azərbaycan da Türkiyə ilə eyni mövqedən çıxış edir. Ancaq danışıqlar prosesi əsasən Türkiyəyə həvalə edilib. Tərəflər arasında bu gün İstanbulda keçiriləcək görüş bunun bariz nümunəsidir. Türkiyə bu işdə mühüm rola malikdir. Onlar yarana biləcək problemləri həll etmək iqtidarındadırlar. Amma bizim üçün ciddi problemlər yarana bilər”, - deyə parlamentari rusiyalı biznesmenlərin Azərbaycana gəlməsi məsələsinin təhlükəli ola biləcəyini qeyd edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi