Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Ukrayna lideri ölkədəki son vəziyyətlə bağlı Prezident İlham Əliyevə məlumat verib. O daha sonra sosial şəbəkə hesabında "Azərbaycan Ukraynaya əkin üçün yanacaq göndərməyə hazırdır. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm", sözlərini yazıb.
Bəs, Ukraynaya əkin üçün yanacağın göndərilməsinin əhəmiyyəti nədir?
Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin deputatı Vüqar Bayramov bildirib ki, Ukrayna bölgədə ərzaq məhsullarının idxal-ixracı baxımdan seçilən ölkələrdəndir.
Onun sözlərinə görə, savaş Ukrayna istehsalına birbaşa təsir göstərdi:
“Ukraynanın istehsal və ixrac imkanlarında artıq ciddi problemlər müşahidə olunur. O baxımdan, təbii ki, Ukraynada əkin üçün yanacağın verilməsi həm də Ukraynada istehsalın bərpa edilməsi və davam etdirilməsi baxımdan da vacibdir. Xüsusilə nəzərə alsaq ki, artıq regionda ərzaq məhsullarının qıtlığı müşahidə olunur. Azərbaycanın Ukraynaya bu istiqamətdə dəstəyi həm də regionda ərzaq məhsullarına olan tələbin ödənilməsinə xüsusi dəstək kimi də qiymətləndirilə bilər”.
"Ukraynada istehsalın bərpası və ixracın yenidən genişləndirilməsi məhz elə region ölkələrinin ərzaq məhsullarına olan tələbinin ödənilməsinə gətirib-çıxara bilər. Ona görə də, Azərbaycanın bu istiqamətdə dəstəyi çox vacibdir. Təbii ki, bu, humanitar dəstəkdir. Ukrayna Prezidenti də artıq üçüncü dəfədir öz sosial hesabında Azərbaycana bu istiqamətdə təşəkkür edir. Bu addım regional ərzaq təminatının gücləndirilməsi baxımdan Azərbaycan tərəfindən atılan müsbət addım kimi qiymətləndirilməlidir”, - deyə parlamentari Azərbaycanın bu baxımdan dəstəyinin önəmini vurğulayıb.