Modern.az

Aksizlərin artırılması saxta içki və siqaretlərə yol açır - TƏHLÜKƏ

Aksizlərin artırılması saxta içki və siqaretlərə yol açır - TƏHLÜKƏ

14 Aprel 2022, 11:45

Azərbaycanda bu gündən etibarən spirtli içki və siqaretin aksiz dərəcələri artırılıb. Qərara əsasən, tərkibində tütün və tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcələri 1000 ədəd üçün 43,0 manatdan 46,5 manata qaldırılıb.

 

Digərə qərara uyğun olaraq, denaturasiya olunmamış etil spirti üçün (80 həcm faiz və ya çox spirt qatılığı ilə, həcm faizi 80-dən az qatılığı olan denaturatlaşdırılmamış etil spirti) aksiz dərəcəsi 1 litr üçün 5,2 manatdan 6 manata artırılıb, həmçinin aksiz dərəcəsi üzüm çaxırının və ya üzüm puçallarının distillə edilməsi nəticəsində alınan spirtli tinkturalar üçün 1 litr üçün 7,2 manatdan 8 manata, viski üçün 1 litr üçün 11,2 manatdan 12 manata qaldırılıb.

 

Aksiz dərəcələrinin artırılması onsuz da bahalaşan məhsulların qiymətlərinin daha da yüksələcəyindən xəbər verir.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, aksiz dərəcələrinin artırılması gözlənilirdi:

 

“Qabaqcadan belə bir elan verilmişdi. Əslində bir çox ölkələrdə spirtli içkilərin və tütün məhsullarının vergilərini çox rahatlıqla artırırlar. Hökumətlər bundan sosial durum olmaması və vətəndaşlarda narazılıq yaratmaması səbəbi ilə sui-istifadə edir. Azərbaycan höküməti də bunun ortada sosial vəziyyətə təsiri olmadığına görə tütün və tütün məhsullarının, spirtli içkilərin qiymətlərini, aksiz dərəcələrini artırır”.

 

 

Onun sözlərinə görə, rəsmi açıqlama bundan ibarətdir ki, bahalaşma olduqca insanlar sağlam həyat tərzinə keçəcəcəklər:

 

“Yəni insanlar zərərli vərdişləri tərgidəcəklər. Rəsmi mövqe bundan ibarətdir. Ancaq burada önəmli bir məqam var. Dünyanın bir çox ölkələrində də bu praktika olub. Spirtli içkilərin, tütün məhsullarının aksiz dərəcələri qonşu ölkələrdən ciddi şəkildə fərqlənib və nəticədə qaçaqmalçılıq meyilləri artıb. Bu zaman saxta spirtli içki və tütün məhsularının bazara çıxması müşahidə olunur. Bu isə insanların sağlamlığına daha böyük ziyan vurur”.

 

N.Cəfərli qeyd edib ki, məhz buna görə də, məsələdə qızıl orta tapılmalıdır:

 

“Bəli, bu sosial məsələ deyil. Yəni spirtli içkilərin və tütün məhsullarının qiymətinin qalxması insanlara ümumi təsir göstərmir. Zərərli vərdişləri necə deyərlər tərgitmək də olar. Ancaq qiymətlərdə orta mütləq tapılmalıdır. Əgər qiymət İranda, Rusiyada, Gürcüstanda olan qiymətlərdən kəskin baha olarsa, qaçaqmalçılıq, həmin məhsulların qeyri-leqal yolla bu ölkələrdən gətirilməsi halları artacaq. Ölkə ərazisində məhz bu səbəblə qeyri-qanuni spirtli içkilərin də satışı artacaq. Bununla da, vətəndaşların sağlamlığı daha çox təhlükə altında olacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi