Rusiya fevralın 24-dən - Ukraynada müharibə başlayandan bəri enerji daşıyıcılarının satışından 63 milyard avro qazanıb.
Modern.az xəbər verir ki, bu barədə Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzinin (CREA) hesabatında deyilir.
28 apreldə dərc edilən hesabata görə, enerji daşıyıcıları Rusiya Federasiyasından dəniz və boru kəmərləri vasitəsilə idxal olunub. Bu dövrdə xaricə satılan neft, qaz və kömürün 71%-i Avropa İttifaqı ölkələri tərəfindən idxal edilib.
Məlumata görə, Rusiya təkcə Avropa İttifaqı ölkələrinə satdığı enerji daşıyıcılarına görə 46,14 milyard avro əldə edib.
Hesabatda qeyd edilib ki, bu dövrdə Rusiya enerji daşıyıcılarının ən böyük istehlakçıları Almaniya (9,1 milyard avro), İtaliya (6,9 milyard avro), Çin (6,7 milyard avro), Niderland (5,6 milyard avro), Türkiyə (4,1 milyard avro) və Fransa (3,8 milyard avro) olub.
“The Guardian” yazır ki, Rusiya Federasiyası qiymət artımı hesabına satışdan əldə etdiyi mənfəəti iki dəfə artırıb – 2021-ci ildə Aİ Rusiyaya enerji məhsulları üçün 144 milyard avro, yəni ayda orta hesabla 12 milyard avro ödəyib.