Modern.az

Pensiya yaşı azaldılacaqmı? – “Əvvəlki vəziyyətə qayıdaq” – YENİ TƏKLİFLƏR VAR

Pensiya yaşı azaldılacaqmı? – “Əvvəlki vəziyyətə qayıdaq” – YENİ TƏKLİFLƏR VAR

6 May 2022, 14:55

Azərbaycanda pensiya yaşının azaldılması yenidən gündəmə gəlib. Milli Məclisin ötən gün keçirilən plenar iclasında pensiyalarla bağlı müzakirələr aparılıb, pensiya yaşının xanımlarda 60, kişilərdə 63 yaşa endirilməsi təklif olunub.

 

Deputatların çıxışına münasibət bildirən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə çıxışı zamanı pensiya ilə bağlı yeni konsepsiyanın hazırlandığını diqqətə çatdırıb, parlamenatarilərin irəli sürdüyü təkliflərin dəyərləndiriləcəyi qeyd edilib. 

 

Yeni konsepsiyada nələr olacaq? Hansı yeniliklər gözlənilir?

 

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanda pensiya yaşının azaldılmasının tərəfdarı olduğunu söyləyib. 

 

“Pensiya yaşının artırılması ilə bağlı bir-iki il öncə qanunlar dəyişdirilərkən beynəlxalq təcrübə əsas götürülmüşdü. Avropadakı təqaüd yaşının artırılması ilə bağlı tendensiyanın Azərbaycanda tətbiqinin vacibiyi qeyd olunmuşdu. Ancaq burada önəmli bir məsələ var ki, təqaüd yaşını artıran ölkələrdə, əsasən də Avropa ölkələrində əhalinin doğum sayı, qocalma səviyyəsi, orta yaşı nəzərə alınaraq yaş tələbi artırılırdı. Təəssüf ki, bizdə bu məsələ həll olunarkən Azərbaycanın demoqrafik xüsusiyyətləri nəzərə alınmadı. Azərbaycanda demoqrafik problem yoxdur. Yəni orta yaş səviyyəsi normaldır. Doğrudur, gənclərin iş problemləri var, ancaq Qərb ölkələrində boş iş yerlərinin artmasının qarşısını almaq üçün təqaüd yaşının artırılmasına qərar verilmişdi. Ölkəmizdə pensiya yaşının artırılması qərarı yanlış idi. İndi yenidən köhnə qaydaya, yəni 60 yaş xanımlara, 63 yaş kişilərə pensiyaya çıxamağa icazənin verilməsi daha doğru olardı. Bunu əvvəlki vəziyyətə qayıdış kimi dəyərləndirmək olar”.

 

 

Ekspertin sözlərinə görə, Avropada təqaüd yaşının artırılması ciddi etirazlarla qarşılansa da, Azərbaycanda reaksiyalar fərqli oldu. N. Cəfərli bunu yaşlı işçilərin pensiyaya çıxmaq istəməməsi ilə əlaqələndirib:

 

“Azərbaycanda bir çox sahələrdə işləyənlər təqaüdə çıxmağı özləri istəmir. Bunun səbəbi təqaüd miqdarının aşağı olması, maaşın isə daha yüksək olması və işləyərkən əlavə fürsətlərin yaranmasıdır. Bu da ondan qaynaqlanır ki, bizdə muzdla çalışanların böyük əksəriyyəti dövlət sektorundadır. 907 mindən çox vətəndaş dövlət büdcəsindən maliyyələşən sektorlarda çalışır. 

 

Məsələn müəllimlər təqaüdə çıxmaq istəmirlər. Çünki onların maaşları yüksəkdir, işlədikləri zaman əlavə olaraq uşaq hazırlayırlar, həm də müxtəlif bayramlarda hədiyyələr alırlar. Bütün bunlar Azərbaycanda başqa cür tipik xüsusiyyətlər yaradır. Digər ölkələrdə insanlar təqaüdə çıxmaq uğrunda etiraz edirsə, Azərbaycanda əhalinin böyük bir qismi təqaüdə çıxmaqda maraqlı deyil. Bunu da nəzərə almaq lazımdır. Ancaq ümumilikdə götürdükdə əvvəlki yaş səviyyəsinə, yəni xanımlarda təqaüd yaşının 60, kişilərdə isə bu yaşın 63-ə qaytarılması doğru qərar olardı”.

 

 

Bundan başqa, N.Cəfərli yeni hazırlanan pensiya konsepsiyası ilə bağlı gözləntilərini açıqlayıb, eyni zamanda təkliflər verib:

 

“Yeni konsepsiyanın əsas elementi, məncə, özəl təqaüd fondları olmalıdır. Yəni əhalidə seçim imkanı olmalıdır. Hazırda əhalinin seçim imkanı yoxdur. Qanunvericilikdə özəl təqaüd fondlarına qadağa qoyulmayıb. Amma onların fəaliyyəti üçün şərait yoxdur. Qanunvericilik bunu tənzimləmir. Ona görə də, problemlər yaranır. İkinci məqam VÖEN-lə çalışanların sosial müdafiə fonduna ödənişləri minimum əmək haqqına bağlıdır. Bu, aradan qaldırılmalıdır. Məntiqsiz yanaşmadır. Çünki son 4 ili götürsək, minimum əmək haqq 136 manatdan 300 manata qalxıb. Avtomatik olaraq VÖEN-lə çalışanların sosial müdafiə fonduna ödənişləri çox yüksək sürətlə artıb. 5-6 il qabaq 20-25 manat idisə, bu gün 75 manat civarındadır. Buna da yenidən baxılmalıdır. Minimum əmək haqqına bağlantı aradan götürülməlidir. Fundamental və konseptual məsələlər həllini tapsa, mənə elə gəlir ki, təqaüdlə bağlı yeni konsepsiyanın önəmi olacaq. Yox, əgər bu texniki dəyişikliklərdən ibarət olacaqsa, ciddi irəliləyişin olacağını gözləmirəm”.

 

 

N. Cəfərli vurğulayıb ki, daha vacib məsələlərdən biri sığorta fondu ilə bağlıdır:

 

“Vətəndaşlar ömrü boyu işləyib təqaüdün sığorta hissəsinə pul ödəyirlər. Ancaq təqaüdə çıxmadan dünyasını dəyişənlər də olur. Həmin sığorta hissəsinə yığılan vəsaitin onların varisləri tərəfindən birdəfəlik götürülməsinə şərait yaradılmadır. Çünki vətəndaşın halal puludur. Vətəndaş çalışıb pul yığıb. Bu məsələ də yeni konsepsiyada öz əksini tapmalıdır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi