"2022-ci ilin beş ayı üzrə dövlət büdcəsinin gəlirləri 11227,0 milyon manat proqnoza qarşı 12442,4 milyon manat və ya 1215,4 milyon manat (10,8 faiz) çox olub.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
O qeyd edib ki, 2021-ci ilin eyni dövrü ilə gəlirlər 2706,6 milyon manat və ya 27,8 faiz çox olub:
"Dövlət büdcəsinin gəlirlərinin 6353,4 milyon manatı qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə isə daxilolmaların xüsusi çəkisi isə 51,1 faiz təşkil edib. 2022-ci ilin ilk beş ayında dövlət büdcəsinin xərcləri 10380,8 milyon manat proqnoza qarşı 10450,0 milyon manat - 100,7 faiz icra edilib. Bu da ötən ilin eyni dövrünə nisbətən 1083,8 milyon manat və ya 11,6 faiz çoxdur.
Hesabat dövründə dövlət büdcəsində 1992,4 milyon manat profisit yaranıb. Bu proqnoza qarşı 1146,2 milyon manat və ya 2,4 dəfə çoxdur".