Modern.az

Etibarlı tərəfdaş - BP Azərbaycanın 30 ili...

Etibarlı tərəfdaş - BP Azərbaycanın 30 ili...

6 İyul 2022, 12:14

Bu il BP Azərbaycan uzunmüddətli etibarlı enerji tərəfdaşı və ən böyük xarici investor şirkət kimi bu ölkədəki fəaliyyətinin 30 illiyini qeyd edir. Şirkət gələn onilliklərdə də bu regiondakı biznesini əsas layihələrə və inkişaf perspektivi olan sahələrə yönəldəcəyini, birgə enerji layihələrini təhlükəsiz və səmərəli həyata keçirəcəyini açıqlayıb.

 

Bu barədə Modern.az-a danışan neft sahəsi üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban  bildirib ki, BP Azərbaycanın  adı  Azəri-Çıraq-Günəşli neft yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişlə bağlıdır.

 

Ekspert xatırladıb ki, 1991-ci ilin yanvarında SSRİ Nazirlər Kabineti Azəriyatağının xarici şirkətlərlə birgə işlənməsinə dair  qərar qəbul edib:

 

"Ona görə də, artıq 1992-ci ildə BP Azərbaycanda ofisini açdı. Beləliklə burada danışıqlara başladı. Ancaq proses 1994-cü ilin mayında o mərhələyə çatdı ki, Azəriçıraq və Günəşli dərin hissəsini birləşdirmək haqqında qərar qəbl olundu.  Azərbaycan hələ yenicə Sovet təsirindən çıxmışdı, kapitalizmin nə olduğunu bilmirdi. Kapitalizmi Azərbaycana bp şirkəti gətirib.

 

1995-ci ilin yanvar ayında rəhbər komitənin ilk iclası ilə bağlı ingilislərin xatirəsi də var. Onlar qeyd edirdilər: "Biz 20-ci ildən dövlət iqtisadiyyatı üzrə çalışmış bir ölkənin necə özəl şirkətlərlə təmas qura bilib-bilməyəcəyi barədə düşünürdük".

 

 

Şükürlər olsun ki, Heydər Əliyev hər 2-3 aydan bir mütəmadi olaraq şirkət rəhbərlərini, Dövlət Neft Şirkətinin rəhbərini, Azərbaycan hökumətini bir araya gətirirdi. Bu da tamamilə əks qütbdə olan iqtisadi modelin uğurla icrasına yol açdı. Bununla da 1997-ci ilin noyabrında ilk neft hasil edildi. Azərbaycan 1999-cu ildə bu neft müqaviləsindən ilk mənfəətini əldə etdi. İndiyədək Azəri-Çıraq-Günəşli neft yatağından Dövlət Neft Fonduna 150 milyarddan artıq gəlir gəlib. Əgər biz Şahdənizi də götürsək, BP-nin 30 il ərzində həyata keçirdiyi  digər təşkilat layihələrinə xərclədiyi vəsaitləri nəzərə alsaq, əldə edilən gəlir 160 milyarddan çoxdur”.

 

“Ancaq insanların çoxu elə bilir ki, Dövlət Neft Fonduna nə gəldisə, o vəsaitdir, bizim qazancımız odur. Hələ də böyük əksəriyyət, özü də ali təhsil diplomu alan adamlar belə fikirləşir ki, müqavilədə Azərbaycanın payı 30 faiz idi, ancaq 10 faizə düşdü, dövlətin maraqları kifayət qədər qorunmadı. İnsanların sadəcə “hasilatın pay bölgüsü sazişi” nədir, ondan məlumatları yoxdur. Yəni Dövlət Neft Fondunun orada payının 5,10, 20 faiz olmasının dövlətin qazancına heç bir dəxli yoxdur. Yəni şirkət oradan aldığı vəsaiti özünün aktivlərinə yığır. Mənfəətin 75 faizi dövlətə, 25 faizi isə şirkətlərə çatır. Şirkətlər də  25 faiz mənfəət vergisi verirlər. Ona görə bütün bunları toplayanda Azərbaycanın qazancı cəmi 82 faizdir”, - deyə İ.Şaban vurğulayıb.

 

Onun sözlərinə görə, ötən otuz ildə BP-nin Azərbaycana xeyri olduqca böyük olub:

 

“Xəzərdə ən böyük qaz yatağını məhz BP açıb. Məhz BP-nin səyləri nəticəsində 2007-ci il yanvarın birindən Azərbaycan neft ixracatçısına çevrilib. Həm daxili bazardakı ehtiyacımızı ödəmişik, həm də Gürcüstan və Türkiyəyə  qaz ixrac etməyə başlamışıq. Ancaq çoxlarının yadından çıxıb ki, 15 il əvvəl biz Rusiyadan ildə 4 milyard kubmetr qaz idxal etmişik. 2007-ci ilə kimi biz ən böyük qaz idxalçısı olmuşuq. Bax bu, BP-nin səyləri nəticəsində olub. Sual oluna bilər ki, BP yox, başqa xarici şirkət, məsələn, "Qazprom" olsaydı, belə olardımı, təbii ki, yox. İndiyədək Dövlət Neft Şirkəti 7 milyard civarında bir mənfəət əldə edib. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismarından milyard dollardan çox vəsait əldə etmişik. Bu da bizim qazancımızıdır. Orada da BP operatordur. Onlar Azərbaycana indiyə qədər olduqca yüklü miqdarda, özü də dollarla vergi ödəyib. 16-17 milyard, hətta daha çox dollar həcmində vergi ödəyib. Bunu dəqiq deməməyimin səbəbi Azərbaycan hökumətinin daha çox qeyri-neft sektorundan danışmasından irəli gəlir. Çünki Azərbaycan hökuməti bununla əlaqədar heç də neftdən gələn gəlirin hamısını ictimaiyyət üçün yaymır. Bu qədər vergi verən ikinci bir şirkət varmı? Hələ bu vergiyə Dövlət Neft Şirkətinin ödədiyi vergi daxil deyil. Bundan başqa istər Şahdəniz, istərsə də Azəri-Çıraq-Günəşli neft yatağının istismarından Azərbaycan şirkətləri hər il ortalama milyard dollardan çox gəlir əldə edir. Bütün bunları toplasaq, BP-nin təkcə iki layihəsindən Azərbaycanın əldə etdiyi mənfəət 200 milyard civarındadır”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi