"Bu il ölkədə 44 şəhər və rayon, həmçinin Bakının 3 rayonunu əhatə etməklə 116 kənd və yeni yaşayış massivlərində qazpaylayıcı şəbəkənin qurulması nəzərdə tutulub. Hazırda 106 kənd və yaşayış massivlərində bu proqrama uyğun olaraq işlər aparılır".
Modern.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin şöbə rəisinin müavini İlham Mehbalıyev "Açıq qapı" aksiyasında bildirib.
Qurum rəsmisi deyib ki, Rusiya-Ukrayna münaqişəsi səbəbindən boru təminatında çətinliklər yaranıb:
"Bu da tikinti işlərinin gecikməsinə ciddi təsir göstərir. Ümumilikdə bunlardan 4 kənd və yaşayış massivi təbii qazla təmin olunub, 38 kənd və 35 yaşayış massivində qazlaşdırma işləri aparılır, 7 yaşayış məntəqəsində və 22 yaşayış massivində işlər yekunlaşıb və texniki icra sənədləri hazırlanma prosesindədir. Ehtimal var ki, ilin sonunadək qeyd olunan məntəqələr üzrə qazlaşma işləri başa çatdırılsın. Lakin istisna olunmur ki, təqribən 10 obyekt üzrə işlər 2023-cü ilə keçirilsin".