Azərbaycanın Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə Daşkənddə Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) açılışı olub, Biznes-forum keçirilib.
Modern.az xəbər verir ki, Mədəniyyət Mərkəzinin foyesində Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyun ayında Özbəkistana səfəri və ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərə dair fotosərgi nümayiş etdirilib.
Tədbirdə əvvəl forum iştirakçıları Ulu Öndər Heydər Əliyevin bu binanın qarşısındakı abidəsi önünə çiçəklər düzüb.
Azərbaycan, Türkiyə və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyun ayında Özbəkistana səfəri və ölkələrimiz arasında münasibətlərə dair sənədli film göstərilib.
Səfirliyimizin birinci katibi, AMM-nin direktoru Samir Abbasov forumu açaraq iştirakçıları salamlayıb. O bildirib ki, tədbirdə bu ölkələrin orta və kiçik sahibkarlıq sahələrinin 30-dan çox nümayəndəsi iştirak edir.
S.Abbasov bildirib ki, bu il iyunun 21-22-də Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, keçirilən görüşlər, imzalanan müqavilələr ölkələrimiz arasında əməkdaşlığın yeni dövrünün başlanğıcından xəbər verir.
Direktor deyib:”Dövlət başçılarımız İlham Əliyev və Şavkat Mirziyoyevin iki ölkə arasındakı tarixi münasibətlər, mövcud strateji əməkdaşlığa dair fikirləri və gələcək münasibətlərimizin inkişafına dair verdikləri tapşırıqlar və tövsiyələr bu işdə bizim üçün yol xəritəsidir.
Diplomat vurğulayıb ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Türkiyə və Mərkəzi Asiya regionu üçün mühüm təşəbbüs olan Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat-kommunikasiya xəritəsində strateji dəyişikliklərə səbəb ola bilər. Zəngəzur dəhlizi ən qısa və təhlükəsiz nəqliyyat dəhlizi olmaqla Çin və Mərkəzi Asiya ölkələriinin Avropaya doğru nəqliyyat əlaqələrinin diversifikasiyasını təmin edəcək.
ATUİAB-ın rəhbəri Ruslan İmanzadə deyib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmi 50.1 milyon dollar olub, bunun 33,5 milyon dolları ixrac, 16,6 milyon dolları idxal əməliyyatlarının payına düşür. O deyib ki, bu gün Özbəkistan ərazisində Azərbaycan kapitalının iştirakı ilə ticarət, maşınqayırma, metal emalı, maliyyə, sığorta, daşınmaz əmlak, energetika, zərgərlik məmulatlarının istehsalı, təmiri, qida və yüngül sənaye sahələrini əhatə edin 234 müəssisə fəaliyyət göstərir. Özbəkistan tərəfi Azərbaycanda ipəkçiliyin dirçəldilməsinə kömək göstərib, Hacıqabulda Özbəkistanda istehsal olunan avtomobillərin birgə istehsal sahəsinin yaradılması hər iki ölkənin uğurlu layihələrindəndir.
Özbəkistan İqtisadiyyat Assosiasiyasının rəhbəri Muxtar Umarov yeni yaradılan Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyi haqqında məlumat verib, ölkələrimiz arasında əməkdaşlığın inkişafından danışıb, biznes sahəsinin daha da inkişaf etdirilməsinin vacibliyinə toxunub. O deyib ki, dilimiz, dinimiz, mədəniyyətimiz, tariximiz birdir və bütün sahələrdə əlaqələrin dərinləşdirilməsi üçün heç bir maneə yoxdur. Bu, ölkələrimizin biznes dairələri arasında olan ilk görüşdür və belə görüşlər bundan sonra həm Daşkənddə, həm də Bakıda keçiriləcək.
Bakıdakı “Ekvita” firmasının direktoru İlqar Mehdi Özbəkistanla Azərbaycan arasında əməkdaşlığın inkişafı, biznes dairələrinin daha sıx əlaqələr qurması imkanlarından danışıb, görüşün bu istiqamətdə faydalı olacağına əmin olduğunu bildirib.
Sonra iş adamlarının iştirakı ilə ikitərəfli görüşlər keçirilib, qonaqlar Daşkəndin bir sıra biznes sahələri ilə tanış olublar.
Qulu Kəngərli
Daşkənd