Modern.az

28 ildə “Əsrin müqaviləsi”ndən nə QAZANDIQ…

28 ildə “Əsrin müqaviləsi”ndən nə QAZANDIQ…

20 Sentyabr 2022, 15:20

“Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 28 il ötür.

 

Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 milyard dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalanıb. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanaraq, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapıb.

 

"Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsi (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak edib. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı nəzərdə tutulub. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlanıb.

 

"Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilib və 12 dekabr 1994-cü ildə qüvvəyə minib.

 

Onu da qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

 

 

"Əsrin müqaviləsi"nin əhəmiyyəti barədə Modern.az-a danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri, ekspert İlham Şaban bildirib ki, 28 il öncə imzalanan sənəd Azərbaycan çox böyük fayda bəxş edib.

 

“Bu müqavilə sayəsində Azərbaycan neft-qaz sazişlərində beynəlxalq şirkətlərə özünü ciddi oyunçu kimi təqdim edə bildi. Bundan sonra Azərbaycan daha 36 müqavilə imzaladı. Onların realizə etapında nadir hadisə yaşandı. Belə ki, nə hökumət, nə Dövlət Neft Şirkəti, nə də müqaviləni imzalayan xarici şirkətlər sənədin icrası zamanı ona hansısa dəyişiklik və korrektə etdilər. Bu isə indi cənab Prezidentin dediyi kimi, bizim sözümüzün imzamız qədər kəsərli olması faktını hələ o zaman sübut etdi”.

 

Ekspertin fikrincə, "Əsrin müqaviləsi"nin ən böyük faydalarından biri sənayedə sosializmdən kapitalizmə keçidin başlanğıcı olub:

 

“Buna qədər Azərbaycanda özəl kapital, özəl müəssisə deyiləndə ancaq kiçik və xırda müəssisələr nəzərdə tutulurdu. Bu baxımdan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının istismarından məsul olan Azərbaycan beynəlxalq əməkdaşlıqda kapitalizmin ilk nümunəsi oldu”.

 

 

İlham Şaban qeyd edib ki, Azərbaycanın "Əsrin müqaviləsi"ndən əldə etdiyi qazanc çoxşaxəli olub:

 

“Müqavilə sayəsində Azərbaycan 1 sentyabr 2022-ci ilə qədər 162 milyard dollar mənfəət əldə edib. Həm hökumət vergilərdən qazanc götürüb, həm də Dövlət Neft şirkəti özünə düşən paya görə vəsait qazanıb. Hazırda Dövlət Neft Fondunda 45 milyard ABŞ dolları mövcuddu. Yerdə qalanların hamısı xərclənib. Xərcələmələrin 90 faizindən çoxu dövlət büdcəsinə transfer edilib.

 

“Neftdən bizə nə gəldi” deyən vətəndaşlar bilməlidir ki, həmişə büdcəmizin yarısından çoxunu Dövlət Neft Fondundan gələn vəsaitlər təmin edib. Neft Fonduna gələn gəlirlərin 95 faizini təkcə bu layihə təmin edir. Bu vəsait təbii ki, hər kəsin şəxsən cibinə daxil olmur. Ancaq hazırda nə görürüksə, nə ediriksə, həmin 162 milyarddan geriyə qalan 120 milyardın sayəsindədir. “Azəri”, “Çıraq” və “Günəşli” layihəsi olmasa, həmin 120 milyardı haradan tapacaqdıq? Ölkəmizin, paytaxtımızın dəyişdirilməsini nəyin hesabına edəcəkdik? İxracı cəmi 3-5 milyon dollar olan kənd təsərrüfatı ilə bunları etmək mümkün deyil. Bu gün həm də qazdan gələn gəlir çox yüksəkdir. Bu il qazdan 20 milyard dollar vəsait əldə edilib”.

 

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

 

Həmçinin oxuyun:

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı