Modern.az

FED-in son qərarı manat üçün hansı risklər yaradır?

FED-in son qərarı manat üçün hansı risklər yaradır?

22 Sentyabr 2022, 11:08

ABŞ Federal Ehtiyat Sistemi (FES) uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq 3-3,25%-ə çatdırıb. Ekspertlərin fikrincə, FED-in yeni qərarı dünyada dolların digər valyutalara qarşı bahalaşmasına gətirib çıxaracaq.

 

Artıq bir çox ölkələrdə dolların satış qiymətində ciddi artım müşahidə edilir. Azərbaycana gəldikdə isə, ölkəmizdə məzənnə stabil olaraq saxlanılır. 

 

Bəs, uçot dərəcəsinin artırılması Azərbaycan valyutasına necə təsir göstərəcək?

 

Bununla bağlı Modern.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu gün dünya bankları inflyasiyanı azaltmağa çalışır. Bunun üçün uçot dərəcələrini artırırlar. Ən azından FED və Avropa Mərkəzi Bankı bunu edir.

 

Ekspertin sözlərinə görə, uçot dərəcəsinin artırılması həm də dünyada resessiya (ardıcıl iki rüb ərzində iqtisadi artım tempinin mənfi olması-red) təhlükəsini artırır. Çünki uçot dərəcəsinin artması pul kütləsinin bazardan  yığılmasına, kreditlərin bahalaşmasına səbəb olur.

 

N.Cəfərli FED-in yeni qərarının Azərbaycan valyutasına təsiri barədə də danışıb:

 

“Azərbaycanda məzənnə inzibati qaydada tənzimlənir. Bizdə dollara indeksləşmiş inzibati məzənnə rejimi var. Buna görə də dolların digər valyutalar qarşısında bahalaşmasını manatın da digər məzənnələr qarşısında bahalaşması kimi görürük. Məsələn, manat avro və funt-sterlinq qarşısında bahalaşır. Yəni, əsas məqsəd dollar-manat məzənnəsini sabit saxlamaq olduğu üçün dolların digər valyutlara qarşı dəyişməsi manatın da digər valyutalar qarşısında dəyişməsinə səbəb olur.

 

FED-in qərarından sonra hələlik, ən azı bu il ərzində, Azərbaycan Mərkəzi Bankının valyuta dəyişikliyi ilə bağlı hansısa qərar verəcəyi gözlənilmir. Çünki obrazlı desək, Azərbaycan manatı həm də bir növ kağız neftdir. Neftin qiymətinin 90 dollar və ya daha artıq olduğu bir dövrdə Azərbaycan manatına hansısa dəyişiklik olmayacaq.

 

Uçot dərəcəsinin artırılmasının təbii ki, dolayı təsirləri olacaq. Baha dollar Azəbaycanda idxal inflyasiyasına səbəb ola bilər. Yəni xaricdən gətirdiyimiz malların daha da bahalaşması gözlənilir”.

 

Qeyd edək ki, Federal Açıq Bazar Komitəsinin bəzi üzvləri ilin sonuna qədər uçot dərəcəsinin daha da artırılacağını proqnozlaşdırır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?