ABŞ-ın “beyin mərkəz”indən Ermənistana zərbə: “Zəngəzur dəhlizi” açılmalıdır!

ABŞ-ın “beyin mərkəz”indən Ermənistana zərbə: “Zəngəzur dəhlizi” açılmalıdır!

22 Sentyabr 2022, 13:00

ABŞ-da nəşr olunan “The National Interest” jurnalı Amerika Xarici Siyasət Araşdırmaları İnstitutunun baş elmi işçisi Stiven Blankın “Ermənistan “Zəngəzur dəhlizi”ni tikməlidir” ("Armenia Must Build the Zangezur Corridor") adlı geniş məqaləsini dərc edib.

Modern.az-ın məlumatına görə, məqalədə müəllif bildirir ki, Ukraynadakı müharibə fonunda Cənubi Qafqazda gündəmə gətirilən “Zəngəzur dəhlizi” təcili surətdə açılmalıdır.

Müəllif Stiven Blank məqalədə qeyd edib ki, “Cənubi Qafqazdakı son sərhəd toqquşmaları Ukraynada müharibəsini az qala kölgədə qoydu. 2020-ci ildə Moskvanın vasitəçiliyi ilə əldə olunan atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında yenidən başlayan hərbi əməliyyatlar qlobal əhəmiyyət kəsb edir. Bu iki ölkə arasında davam edən sülh danışıqları indi təhdid altındadır”.

Məqalədə müəllif Ermənistanın Rusiyadan yan keçən Avropa ilə Asiya arasında əsas yeni nəqliyyat yolunun tikintisinə - “Zəngəzur dəhlizi”nə əngəl törətməsindən bəhs edib.

“...Ukraynadakı müharibə səbəbindən tranzit marşrutları artıq təhlükə altındadır. Enerji, ərzaq və ticarət mallarının tədarükündəki ciddi fasilələr bütün dünya iqtisadiyyatında seysmik şoklara səbəb olub…

…Məhz bunun fonunda Ermənistan artıq Avropa ilə Asiya arasında yeni mühüm nəqliyyat marşrutunun – “Zəngəzur dəhlizi”nin tikintisini gecikdirə bilməz. Uzun müddət müzakirə olunan, lakin hazırda Ermənistan tərəfindən bloklanan bu dəhliz Azərbaycanın cənub-qərb sərhədindən və Ermənistan ərazisindən keçməklə Azərbaycanın “Naxçıvan bölgəsi”nə, oradan da Türkiyəyə və onun hüdudlarından kənara çıxacaq. Bu, Rusiyadan yan keçə biləcək bir neçə Şərq-Qərb ticarət yollarından birinin halqasıdır. Əgər Ermənistan həqiqətən də onun böyük diasporunun iddia etdiyi kimi Qərbin dostudursa, onda danışıqlar masasına qayıtmalı və dərhal dəhlizin açılmasına icazə verməlidir”,- deyə Stiven Blank qeyd edib.
 

Onun sözlərinə görə, Ermənistan 2020-ci ilin noyabrında Moskvanın vasitəçiliyi ilə əldə edilmiş atəşkəs razılaşmasının bir hissəsi kimi dəhlizin açılmasını öz üzərinə öhdəlik kimi götürüb.

Müəllifin fikrincə, son illərdə müxtəlif amillər Cənubi Qafqaz regionunu tranzit halqa kimi gücləndirib.
 

“Zəngəzur dəhlizi”nin tikintisini bir sıra aspektlərdən şərh edən amerikalı təhlilçi onun Sakit və Atlantik okeanları arasında ən qısa quru nəqliyyat marşrutuna çevriləcəyini vurğulayıb.



Stiven Blank qeyd edib ki, bu dəhlizin inşası Ermənistan üçün də faydalıdır: “Ermənistan qlobal təchizat zəncirinin çatışmayan halqasını açmaqdan böyük fayda əldə edəcək”.

Müəllif rəsmi İrəvanı “öhdəliklərini rədd etməyə” cəhddə ittiham edib:

“Ermənistan “Zəngəzur dəhlizi”nin qarşısını almağa davam etməklə Moskvanın dünya iqtisadiyyatını boğmaq ssenarisi üzrə oynayır”.
 

Müəllif təəssüflənir ki, populist anti-Türkiyə və anti-Azərbaycan ritorikası qonşuları ilə münasibətləri normallaşdırmaq üçün erməni siyasətçilərinin istifadə etdiyi məkanı daraldıb.
 

Stiven Blankın fikrincə, indi Ermənistanın ABŞ və Avropadakı güclü və səsli diasporunun qəti şəkildə iddia etdiyi kimi, Qərbin dostu olub-olmaması barədə qərar vermə vaxtıdır.

“Əgər belədirsə, o zaman Azərbaycanla sülh danışıqlarını bərpa etməli və “Zəngəzur dəhlizi”nin açılmasına kömək etməlidir. Rusiyanın qlobal tədarük yollarına yaratdığı blokada şəraitində, Şərqdən Qərbə malların daşınması üçün bir neçə səmərəli həll yolu var. Onların arasında ən optimalı kimi “Zəngəzur dəhlizi” seçilir”, - deyə Stiven Blank fikrini yekunlaşdırıb.

ABŞ-ın “beyin mərkəzi” əməkdaşının “Zəngəzur dəhlizi”ni belə bir məqalə ilə gündəmə gətirməsi Ermənistanda çox böyük üzüntü ilə qarşılanıb.

Erməni təhlilçilərin fikrincə, sözügedən məqalə ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin bu yaxınlarda İrəvana səfəri və “cəsarətli  bəyanatları”na baxmayaraq, Vaşinqtonun Cənubi Qafqazdakı əsl istəklərini müəyyən dərəcədə əks etdirir.

Ermənistanın “news.am” saytı “Qərb qondarma “Zəngəzur dəhlizi”nin açılmasında israr etməyə başlayır?” adlı məqalə dərc etməklə “The National Interest” jurnalına cavab verməyə çalışıb.

Erməni müəlliflər Nensi Pelosinin İrəvanda Ermənistan hakimiyyəti tərəfindən az qala uşaq həvəsi ilə qarşılanan səfərinin xəyal qrırıqlığı yaratmasını məyusluqla ifadə ediblər.

“News.am”ın cavab məqaləsindən görünür ki, erməni jurnalistlər Qərbin, o cümlədən ABŞ-ın “Zəngəzur dəhlizi”nə maraq göstərməsindən ciddi şəkildə pərişandır.
 

Ə.Qafarlı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SİRLƏR AÇILDI! Vardanyan ilk ifadəsində dəhşətli faktları açıqladı