Modern.az

Azərbaycan bankçılıq tarixi 1 əsri geridə qoydu

Azərbaycan bankçılıq tarixi 1 əsri geridə qoydu

İqtisadiyyat

30 Sentyabr 2022, 17:24

1918-ci il mayın 28-də Azərbaycan dövlətçilik salnaməsinin şanlı səhifələrindən biri kimi müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasına Prezident İlham Əliyev tərəfindən yüksək siyasi qiymət verilib və 2018-ci il Cümhuriyyət ili elan edilib. Zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, bugünkü müstəqillik üçün etibarlı zəmin hazırlamış Cümhuriyyətin yubileyi ölkə daxilində və xaricində çoxsaylı tədbirlərlə qeyd olunub. Mərkəzi bankçılığın 103 illik yubileyi də məhz həmin silsilə tədbirlərin davamıdır.

 

Modern.az xəbər verir ki, cəmisi 23 ay fəaliyyət göstərən Cümhuriyyət dövlətçilik atributlarının əksəriyyətinin yaradılmasına nail olub. Prezident İlham Əliyevin də qürur hissi ilə qeyd etdiyi kimi “Azərbaycanın dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis edilib, milli ordumuz yaradılıb”. Müasir respublika idarəetmə modelinə uyğun Parlament və 15-dək nazirlikdən ibarət olan Nazirlər Kabineti formalaşdırılıb. Birinci Dünya müharibəsindən miras qalmış ağır siyasi və sosial-iqtisadi böhranı aradan qaldırmaq məqsədilə Cümhuriyyət hökuməti tərəfindən vergi-büdcə, pul tədavülü, mülkiyyət münasibətləri, xüsusilə torpaq islahatları, məşğulluğun təmin edilməsi və sair sahələri əhatə edən geniş islahat paketi reallaşdırılıb. Bütövlükdə 200-dək qanun layihəsi işlənib parlamentə təqdim edilib və onların xeyli hissəsi təsdiqlənib.

 

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı dövlətçilik atributlarından biri də milli pul nişanları və müstəqil mərkəzi bank idi. 1919-cu il martın 7-də hökumətin qərarı ilə Azərbaycan Dövlət Bankının təşkil edilməsi təklifi bəyənildi. 1919-cu ilin sentyabrın 16-da Parlament Nizamnaməni təsdiq etdi, sentyabrın 30-da bankın isə təntənəli açılış mərasimi oldu və Azərbaycan Dövlət Bankı fəaliyyətə başladı. Azərbaycanda mərkəzi bankçılığın yaradılması məhz belə bir mürəkkəb tarixi şəraitə təsadüf edirdi.

 

Azərbaycan Dövlət Bankı yaradıldıqdan cəmisi 7 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi. Lakin bu qısa müddət ərzində Azərbaycan Dövlət Bankı mərkəzi bankçılığın başlıca elementlərini yaratmağa nail oldu. İlk növbədə müstəqil dövlətçiliyin əsas atributlarından biri olan milli pul nişanları dövriyyəyə buraxıldı. İlk kağız pullar 10, 25, 50, 100, 250 və 500 manatlıqlar idi. Milli valyutanın dönərliliyini təmin etmək məqsədilə Dövlət Bankı digər valyutaların mübadilə məzənnəsini də müəyyənləşdirirdi.

 

Bank mərkəzi bankçılığın digər funksiyalarını da yerinə yetirirdi. Bu funksiyalardan biri ticarət, sənaye və kənd təsərrüfatına kreditlər vermək idi. “Banklar bankı” olan Azərbaycan Dövlət Bankı, eyni zamanda, ölkədə mövcud olan kredit təşkilatlarının fəaliyyətinə nəzarət edirdi.

 

Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ Maliyyə Komissarlığının 1920-ci il 31 may tarixli əmri ilə Azərbaycan Dövlət Bankı Xalq Bankı adlandırıldı, ölkədəki bütün banklar və digər kredit təşkilatları milliləşdirilərək onun tərkibinə qatıldı və bank sektoru dövlətin müstəsna inhisarına keçdi. 1922-ci ildə Zaqafqaziya SSRFİ-nın yaradılaraq SSRİ-nin tərkibinə qatılmasından sonra Zaqafqaziya vahid pul sisteminə keçildi. Lakin Sovet İttifaqının ilk illərində qeyri-adekvat iqtisadi siyasət nəticəsində dərin böhran baş verdi, yüksək inflyasiya pul nişanlarını kəskin dəyərsizləşdirdi.

 

1923-cü ildə SSRİ Dövlət Bankının yaradılması ilə əlaqədar onun Bakı bölməsi də təsis edildi. 1936-cı ilin dekabrında qəbul edilmiş SSRİ Konstitusiyasına görə Azərbaycan SSRİ tərkibinə “suveren” respublika kimi daxil oldu. Bundan sonra SSRİ Dövlət Bankının Azərbaycan Kontoru yaradıldı və 1991-ci ilin sonuna kimi fəaliyyət göstərdi. Lakin Kontor müasir və müstəqil mərkəzi bankçılıq modelindən tamamilə uzaq idi, satelit qurum olaraq yalnız mərkəzdən gələn təlimlərin yerinə yetirilməsi ilə məşğul olurdu. X əsrdə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan az sonra - 1992-ci ilin fevralında Azərbaycan Milli Bankı adı altında Mərkəzi Bank təsis edildi. Bankın fəaliyyətə başlaması respublikamızda mürəkkəb proseslər, torpaqlarımızın işğalı, hakimiyyət çəkişmələri, ölkənin parçalanma təhlükəsi və dərin sosial-iqtisadi böhran dövrünə təsadüf edirdi. Köhnə iqtisadi sistemin qalıqlarının mövcudluğu, xüsusilə də milli pul sisteminin olmadığı şəraitdə Mərkəzi Bankın suveren pul siyasəti də mövcud deyildi. Dövlət büdcəsinin kəsiri ÜDM-in 13-14 faizinə çatırdı. Bankın əsas rolu fiskal məqsədlərlə pul çapını həyata keçirməkdən ibarət idi.

 

Digər sektorlarda olduğu kimi bank sektorunda da dərin böhran müşahidə olunurdu. 1988-1995-ci illərdə möhtəkirlik əməliyyatları həyata keçirmək üçün yüzlərlə yeni bank açılmışdı. Pul kütləsi iqtisadiyyatın əməliyyat tələbinə uyğun olmayan sürətlə artırdı. İqtisadiyyatda aşkar surətdə maliyyə piramidaları qurulmuşdu, aşağı təbəqə sürətlə yoxsullaşırdı. Nəticədə hiperinflyasiya və əhali gəlirlərinin sürətlə dəyərsizləşməsi baş verirdi, iqtisadiyyatın həcmi hər il ikirəqəmli templə daralırdı. 1992-ci ildə müstəqilliyin əsas atributlarından olan milli valyuta – manat dövriyyəyə buraxılsa da, ölkədə yeganə ödəniş vasitəsi deyildi. Valyuta ehtiyatlarının olmaması məzənnəni tənzimləməyə imkan vermirdi, nəticədə onun xarici və daxili dəyəri sürətlə azalırdı. İnflyasiya və devalvasiya səviyyəsi dördrəqəmli göstəricilərlə ölçülürdü.

 

İctimai həyatın bütün sahələrində olduğu kimi sosial-iqtisadi sahədə də sabitlik Azərbaycan xalqının təkidi və tələbi ilə 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi rəhbərliyə qayıtmasından sonra baş verdi. Ulu Öndər, ilk növbədə, ictimai-siyasi sabitlik yaratdı, dövlətçiliyin əsaslarını zəiflədən qüvvələri məharətlə zərərsizləşdirməyə nail oldu. Daha sonra iqtisadiyyatın düşdüyü ağır böhrandan çıxarılması üçün əsaslı islahatlara başlandı.

 

Bu istiqamətdə 1994-cü ilin iyunun 15-də imzalanan “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında” proqram xarakterli Fərman tarixi əhəmiyyət kəsb etdi. Bu Fərman Mərkəzi Bankın fəaliyyətində də dönüş yaratdı. Makroiqtisadi sabitliyin təmin edilməsi istiqamətində radikal tədbirlərə başlanıldı. Əsassız pul-kredit ekspansiyasının qarşısı alındı, büdcə kəsirinin emissiya ilə örtülməsinə qanunvericiliklə son qoyuldu. Manat ölkədə yeganə ödəniş vasitəsi elan olundu. Bununla Mərkəzi Bank müstəqil pul-kredit siyasəti yeritmək imkanı əldə etdi. Fərmandan irəli gələn tədbirlərin icrası çərçivəsində beynəlxalq maliyyə təşkilatlarının dəstəyi ilə ilk dövrdə cəmi 12 milyon dollar olan valyuta ehtiyatları 1995-ci ilin sonuna 250 milyon dollara çatdı. Bu ehtiyatlarla 1995-ci ilin əvvəllərindən valyuta bazarında stabillik təmin edildi.

 

Görülən tədbirlər nəticəsində inflyasiya səviyyəsi 1993-1994-cü illərdəki dördrəqəmli səviyyədən 1996-cı ildə 19,9 faizə, 1997-ci ildə isə 3,7 faizə endi. Sonrakı illər də dayanıqlı qiymət sabitliyinə nail olunduğunu təsdiqlədi. Aparılmış kompleks islahatlar nəticəsində iqtisadiyyat 1996-cı ildən etibarən müsbət artım fazasına qədəm qoydu. Bu istiqamətdə Ümummilli Liderin əsasını qoyduğu uğurlu neft strategiyası da mühüm rol oynadı. Yaranmış sabitlik nəticəsində Azərbaycan 1997-98-ci il maliyyə böhranından minimal itkilərlə çıxdı.

 

2003-cü ildən sonrakı dövrü əhatə edən növbəti mərhələdə ölkənin sosial-iqtisadi inkişafı naminə neft gəlirlərindən aktiv istifadə şəraitində Mərkəzi Bank məzənnənin möhkəmlənməsi və inflyasiya arasında optimal balans yaratmağa nail oldu. Bank izafi valyuta təklifini sterilizasiya etməklə iqtisadiyyatın zəruri likvidliyə olan tələbatını ödədi, eyni zamanda, manatın məzənnəsini kəskin möhkəmlənmədən qorudu. Məcmu tələbin genişlənməsi ilə bağlı inflyasiyanı azaltmaq üçün manatın müəyyən çərçivədə möhkəmlənməsinə şərait yaradıldı, valyuta müdaxilələri nəticəsində artan pul kütləsini tənzimləmək üçün pul siyasəti alətlərindən adekvat istifadə edildi. Yaradılmış maliyyə resursları və çevik idarəetmə sayəsində Azərbaycan 2008-2009-cu illərin qlobal iqtisadi-maliyyə böhranından minimal itkilərlə çıxdı. Qısa müddətdə ölkədə makroiqtisadi sabitlik təmin olundu. Növbəti böhran epizodu 2014-2015-ci illərdə yaşandı. Dünya bazarında neftin kəskin ucuzlaşması ölkənin xarici valyuta gəlirlərinin və tədiyə balansının pisləşməsinə gətirib çıxardı. Bununla əlaqədar büdcə-vergi və pul-məzənnə siyasətində adekvat manevrlər həyata keçirildi. Bu tədbirlər qısa zamanda öz müsbət nəticələrini verdi. 2017-ci ildən başlayaraq ölkədə makroiqtisadi sabitlik yaradıldı, inflyasiya birrəqəmli səviyyədə sabitləşdi, iqtisadi artım bərpa olundu, ölkənin strateji valyuta ehtiyatları yenidən artmağa başladı. Profisitli tədiyə balansı və valyuta bazarındakı tarazlıq inflyasiya gözləntilərini də stabilləşdirdi.

 

Ümummilli Liderin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşmasında da dönüş nöqtəsi oldu. Onun məşhur “Hər bir xalqın bankı onun iqtisadiyyatının, maliyyəsinin ən mötəbər hissəsidir” devizi altında qəbul etdiyi proqramlar əsasında bank sistemi sağlamlaşdırıldı, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlandı, özəl bankların sayı optimallaşdırıldı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı