Modern.az

Avropa Azərbaycana ümid yeri kimi baxır

Avropa Azərbaycana ümid yeri kimi baxır

4 Oktyabr 2022, 11:20

Azərbaycan Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələrinə mavi qaz ixracatını ən çox artıran ölkədir. Rəsmi statistikaya əsasən, bu ilin ilk 5 ayı ərzində Azərbaycan Avropaya qaz ixracatını əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2.2 dəfə artıraq 2.1 milyard kubmetrdən 4,5 milyard kubmetrə yüksəldib.

 

Ümumilikdə isə Azərbaycanın qaz ixracatı 27 faiz artıraq 9.4 milyard kub metrə çatıb. Bu müddətdə ölkəmizdə 19,6 milyard kubmetr təbii qaz hasil edilib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 14 faiz artım deməkdir.


Onu da qeyd edək ki, Rusiyanın bir sıra Avropa ölkələrinə mavi qaz ixracatının məhdudlaşdırılması barədə qərarından sonra Avropa İttifaqında enerji təhlükəsizliyi məsələsi daha da prioritetləşib. "Qədim qitə" alternativ mənbələrdən qaz idxalını artırmağa çalışır və bu mənada Azərbaycan bəzi Avropa ölkələri üçün ümid yerinə çevrilib. Bu da onu göstərir ki, Azərbaycanın Avropanın və regionun enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır. Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycanın rolunun artması ölkənin regional geosiyasi mövqeyini daha da gücləndirir.

 

Azərbaycanın əvəzedilməz olduğunu artıq Avropa liderləri özləri də etiraf etməyə başlayıblar.

 

Xatırladaq ki, bu yaxınlarda Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Tədbirə qatılan Serbiya Prezidenti Aleksandr Vuçiç çıxış edərək, bu konnektorun açılışında Azərbaycan Prezidentinin rolundan danışıb.

 

“Deməliyəm ki, dostumuz İlham Əliyevin iştirakı olmasaydı, bizim hər birimiz üçün qaz, eləcə də elektrik enerjisi təchizatının şaxələndirilməsinə ümid etmək asan olmazdı. Əziz dostum, görürəm ki, indi Siz Avropada çox məşhurlaşmısınız. Mən Sizinlə əlaqə saxlamaq istəyirəm. Mən onunla dəfələrlə danışmışam. O, Avropada çox məşhurlaşıb. Bu arada, bilmirəm o, nə edib, amma etiraf edim ki, bunun sirrini mən də bilmək istərdim”,- Vuçiç deyib.

 

Avropa ölkəsinin prezidentinin belə çıxış etməsi təsadüfi deyil. Bu ilk növbədə Azərbaycan qazının Avropa ölkələrinin enerji təhlükəsizliyi məsələsində çox böyük rol oynadığını göstərir.

 

Bu barədə Modern.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən hazırda bir çox Avropa dövlətləri enerji problemi yaşayır. Belə şəraitdə Avropaya enerji təhlükəsizliyi məsələsində kömək edə biləcək alternativ ölkə lazımdır:

 

“Avropa Ukrayna-Rusiya müharibəsi səbəbindən enerji təhlükəsizliyi ilə üz-üzədir.  Belə məqamda Avropa üçün ən əlverişli mənbələrdən biri məhz Azərbaycandır. Onu da qeyd etmək lazımdır ki, Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan Prezidentinin oynayacağı rol çox önəmlidir. Çünki məlumdur ki, Qərblə üz-üzə olan ölkələr Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropaya kömək etməyini istəmir. Ancaq Azərbaycan tərəfi həm enerji siyasətini, həm Qərblə münasibətlərini, öz multivektoral siyasi yönümünü bu dəfə də müdafiə edərək Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayıb”.

 

İqtisadçı qeyd edib ki, bu məsələdə Prezidentin nüfuzu olduqca mühüm əhəmiyyətə malikdir:

 

"Azərbaycanın bəzi dövlətlərin istəyinə uyğun olmasa da, Avropanın enerji təhlükəsizliyinə töhfə verməsi Azərbaycan Prezidentinin nüfuzu sayəsindədir. Artıq 3 ildir ki, Azərbaycan Prezidentinin nüfuzu durmadan artır. Cənab Prezidentin müharibəyə qədər daim sülh prosesini gözləməsi, bütün alternativ yollardan istifadə edərək məsələnin sülh yolu ilə həllinə çalışması, müharibə zamanı qazanılan uğur və bütün dövlət başçıları ilə birlikdə etibarlı tərəfdaşlıq etməsi onun nüfuzunu artıran amillərdir. Məhz bu da Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olur. Eyni zamanda enerji sahəsində yürüdülən hazırkı siyasət gələcək tərəfdaşlara edilən yatırım kimi qiymətləndirilməlidir. Ola bilsin ki, bundan sonra Azərbaycan qazını əldə etmək üçün daha çox ölkə müraciət etsin”.

 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsindən sonra  Azərbaycanın ixrac etdiyi qazın həcmi daha da artıb:

 

“Yunanıstan ötən il Azərbaycandan 1 milyon kubmetr qaz alıb və bu il qazın həcmi artırılıb. İndi Bolqarstana da qaz satacağıq. Biz eyni zamanda İtaliyanın enerji təhlükəsizliyinə olduqca böyük töhfə vermişik. Buna görə də ötən il ixrac edilməsi nəzərdə tutulan 40 faiz qaz ixracının həcmini daha da artırmaqdayıq”.

 

Ekspert qeyd edib ki, Şərqi Avropa enerji təhlükəsizliyi məsələsində Azərbaycana ümid yeri kimi baxır. 

 

Xatırladaq ki, 2020-ci ilin dekabrından sonra Azərbaycan Avropaya 11 milyard kub metrdən çox mavi qaz nəql edib. Ötən il 43.9 milyard kub metr qaz hasilat edən ölkəmizdə istehsalın bu il daha da artacağı gözlənilir. Belə ki, Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Memoranduma əsasən Avropaya qaz ixracının iki dəfə artırılması planlaşdırılır.

 

“Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq”, - Prezident İlham Əliyev bu yaxınlarda Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü