Modern.az

Azərbaycanın iş adamları Özbəkistanda...

Azərbaycanın iş adamları Özbəkistanda...

7 Oktyabr 2022, 09:36

Azərbyacan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA və Marsol-un təşkilatçılığı, Globus Travel Agency şirkətinin tərəfdaşlığı ilə Azərbaycan İş adamları Özbəkistanda səfərdə olub.


Modern.az xəbər verir ki, Azərbaycandan gələn 32 iş adamı Daşkənddə Özbəkistanın biznes dairələrinin nümayəndələri ilə müxtəlif görüşlər keçirib.

    
Səfərin birinci günü iş adamlarımız Daşkənddə keçirilən havalandırma, istilik, suvarma sistemləri, bərpaolunan enerji sahələri üzrə sahibkarların məhsullarının sərgiləndiyi “Aquatherm Tashkent 2022” və çap, poliqrafiya, qablaşdırma avadanlıqlarının təqdim edildiyi “O’ZuPACK - O’ZBEKinPRINT 2022” sərgilərinə baxıblar. Sonra iş adamlarının görüşləri keçirilib və danışıqlar zamanı ölkələrimiz arasında biznesin inkişafı, bu sahədə təcrübə mübadiləsinin aparılması, daha sıx əməkdaşlığın təşkili məsələləri müzakirə olunub.

    
Görüşdə iştirak edən Özbəkistan dövlət qurumlarından İnvestisiyalar və Xarici Ticarət Departamentinin rəis müavini, “Buxara Aqro” Azad İqtisadi Zonasının rəhbəri Furkat Tilloyev, Buxara vilayəti Ticarət və Sənaye Palatasının şöbə müdiri Qəni Niyazov, vilayət üzrə Sahibkarlığın İnkişafı Agentliyinin rəhbəri Şöhruh Amonov, Buxara vilayət hakimliyində katibliyin müdiri Şerzod Zoirovla əməkdaşlığın genişləndirilməsi məsələləri istiqamətində fakir mübadiləsi aparılıb. 

    
Sonra Özbəkistanın 60-dan çox iş adamı ilə B2B formatında görüşlər keçirilib.  İnvestisiyalar və Xarici Ticarət Departamentinin rəis müavini, “Buxara Aqro” Azad İqtisadi Zonasının rəhbəri Furkat Tilloyev çıxış edərək Özbəkistan-Azərbaycan qardaşlığının daha da möhkəmləndirilməsini vurğulayıb. Marsol şirkətinin rəhbəri Tural Mustafayev və KOBİA-nın bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədovun çıxışları dinlənilib.

    
Azərbaycan biznes dairələrinin nümayəndələri qədim Səmərqənd və Xivə şəhərlərində də olub, biznesmenlərlə görüşlər keçirib,  qədim abidələrə tamaşa ediblər.

    
Səfərin sonuncu günü Azərbaycan iş adamları özbəkistanlı həmkarları ilə birgə Daşkənddəki Heydər Əliyev parkına gedib, Ulu Öndər Heydər Əliyevin  parkdakı abidəsi önünə əklil və çiçəklər düzüblər.

    
Həmin gün axşam Azərbaycan və Özbəkistanın biznes dairələrinin nümayəndələri şam süfrəsi ətrafında əməkdaşlıq məsələlərini müzakirə ediblər.


Qulu Kəngərli,
Daşkənd

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir