Elə tarixi məqam yaranıb ki, bir vaxtlar Azərbaycana və onun resurslarına ciddi baxmayan ölkələr bu gün ard-arda Azərbaycan qazına “elçi düşürlər”. Hətta TAP-dan 100 kilometrlərlə uzaq olan ölkələr də nə yolla olursa olsun, Azərbaycandan kömək istəyirlər.
Modern.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, sonuncu belə istək Moldavadan olub.
Belə ki, TAP-la bu ölkənin qaz alması üçün Yunanıstandan Bolqarıstana, oradan da Rumuniyaya, daha sonra Moldavaya keçməsi lazımdır. Göründüyü kimi, elə də asan deyil. Amma mümkündür:
“Qaz elçiləri” arasında ən bəxti gətirən ölkələr Türkiyə, Yunanıstan, Albaniya və İtaliya ilə qonşu olan ölkələrdir. Çünki TAP bu ölkələrdən keçdiyi üçün İnterkonnektorla məsələni həll etmək olacaq. Amma digərləri üçün bu çətin olacaq. Əgər “elçilər” daha çox qaz almaq istəyirlərsə, Türkiyə və Yunanıstan sərhədindən başlayaraq yeni boru kəməri inşa etməli, ya da investisiya qoymalıdırlar ki, biz özümüz çəkək. Çünki TAP-a kompressor qurğusu qoşmaqla onun illik 10 milyard kubmetr gücünü 20 milyarda çatdıra bilərik. Amma bundan yuxarı qaldırmaq mümkün deyil. Lakin TAP-ın öz mənbəyini götürdüyü TANAP-ın diametri 142 sm, daha sonra 122 sm və Mərmərə dənizi boyunca isə 91 sm təşkil edir. TAP isə TANAP-ın ardınca layihələndirilərkən sonu 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi İtaliya seçilmişdir. Daha dəqiq İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 kilometr, qurudakı hissəsi isə təxminən 8 kilometr təşkil edir".
Ekspert qeyd edib ki, Avropanın qaz təminatını daha yüksək səviyyədə həyata keçirmək üçün TANAP-ın planlaşdırılan 32 milyard kubmetrlik potensialından istifadə edərək, ondan (TANAPdan) yeni qol ayırmaq və yeni marşurut üzrə yönəltmək lazım olacaq.