“Ziya Bünyadov prospekti Gəncə prospektindən Bakı Beynəlxalq Avtovağzalına qədər uzanan əsas ictimai nəqliyyat dəhlizinin əhəmiyyətli bir hissəsidir. Gündəlik olaraq bu prospektdən 18 müntəzəm marşrut xətti üzrə 300 ədədə yaxın avtobus hərəkət edir”.
Modern.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. O deyib ki, tezliklə Ziya Bünyadov prospektində avtobus zolağı olacaq.
“Prospektin indiki halı məlumdur. Həm pik, həm də bir çox hallarda qeyri-pik saatlarında orada tıxac müşahidə olunur. Belə vəziyyətdə digər avtomobillər kimi avtobuslar da tıxacda qalır. Nəticədə 5-6 dəqiqə aralığında olmalı olan hərəkət intervalı pozulur, sərnişinlər avtobuslarda və ya dayanacaqlarda lüzumsuz vaxt itkisi yaşayır. Avtobusların qrafik üzrə hərəkət edə bilməməsi, həm də ictimai nəqliyyata olan etibarı azaldır.
Lakin avtobus zolağı təşkil etməklə bu mənzərəni dəyişmək mümküdür. Bu zaman biz artıq vətəndaşa seçim imkanı veririk. Vətəndaş A-B nöqtələri arasındakı məsafəni ya fərdi avtomobil ilə gedir, bir qədər rahat, amma tıxacda qalmaqla, ya da xüsusi zolaq hesabına maneəsiz gedən avtobusu seçir.
Beləliklə ictimai nəqliyyatın cəlbediciliyi artır. Fərdi avtomobilində tıxacda qalan şəxs bir müddət sonra zolaq boyunca maneəsiz hərəkət edən avtobusdan istifadəyə üstünlük verəcək. Bu da müəyyən müddət sonra tıxac hallarının qarşısını almağa imkan yaradacaq”, - deyə M.Ağayev bildirib.
Onun sözlərinə görə, indiki halda Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində daha çox qanunsuz sərnişindaşıma vasitələrindən istifadə olunduğunu nəzərə alsaq, avtobus zolağının təşkil etməklə bu narahatlıq da tədricən aradan qalxacaq.
“Əlbəttə ki avtobus zolaqlarının effektiv təsiri digər nəqliyyat vasitələri sürücülərinin zolağın tələbinə riayət etməsindən aslıdır. Bunun üçün davamlı nəzarət və düzgün maarifləndirmə işi aparılmalı olduqca zəruridir”.