2023-cü ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub. Layihədə gələn il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.
Bundan əlavə, layihədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 33,3 milyard manat proqnozlaşdırılır. Bu göstərici də 2022-ci illə müqayisədə 1,0 milyard manat, 2021-ci illə müqayisədə isə 5,9 milyard manat çoxdur.
2023-cü ilin dövlət büdcəsinin gəlirləri kimi xərcləri də ölkə tarixinin ən yüksək göstəricisidir. Belə ki, növbəti il üçün təhsil, təhlükəsizlik, müdafiə və sosial sahələr üzrə xərclərin artırılması gözlənilir. Artımlar fonunda maaş, pensiya və müavinətlərin məbləğinə yenidən baxılması və əlavələrin edilməsi planlaşdırılır.
Ümumilikdə gələn ilin büdcəsi nə vəd edir? 2023-cü ildə ölkənin iqtisadi mənzərəsi necə olacaq?
Deputat Vahid Əhmədov Modern.az-a bildirib ki, 8 ayın göstəricilərinə baxdıqda büdcədə 5,8% artım və kifayət qədər vəsaitin olduğu görünür. O, gələn il Azərbaycanda iqtisadi problemin olmayacağını düşünür.
“Ticarət dövriyyəsi genişdir. 8 aylıq göstəricilər gələn il üçün yaxşı zəmin yarandığını göstərir. Burada diqqətçəkən məqam büdcənin sosialyönümlü olmasıdır. Ötən ildən fərqli olaraq indi bu sahəyə daha çox vəsait ayrılıb. Təxminən 20 faiz artım var. Xüsusilə şəhid ailələrinin, qazilərin sosial müavinətləri 7,5 faiz artırılıb. Təhsil və səhiyyəyə də əlavə artımlar edilib. Yəni göstəricilər normaldır. Bu göstəricilər Azərbaycanın kifayət qədər ehtiyyatının olduğunu təsdiqləyir. Bundan əlavə, Azərbaycanın dövlət borcu yüksək deyil, təxminən 10 faizdən aşağıdır. Hesab edirəm ki, gələn il iqtisadi baxımdan heç bir problem olmayacaq”.
Deputatın sözlərinə görə, maaş və pensiyaların artımı mütləqdir:
“Maaş və pensiya artımının konkret nə qədər olacağını müzakirələrdən sonra qeyd edə bilərik. Ancaq maaş və pensiyalar mütləq artırılacaq. Ölkədə gedən inflyasiyanı dayandırmaq və qiymət artımı ilə bağlı məsələyə daha diqqətlə yanaşmaq, beləliklə, bunlarla əlaqəli digər məsələləri də müsbət həll etmək cənab Prezidentin göstərişidir. Ölkəmizdə sosial müdafiə sahəsinə xüsusi diqqət yetirilir və bundan sonra da yetiriləcək”.
İqtisadçı ekspert Natiq Cəfərli isə hesab edir ki, 2023-cü il ümumilikdə dünya üçün ağır olacaq:
“Dünya iqtisadiyyatında dalğalanmalar olacaq. Həm Avropa Birliyində, həm də Amerikada iqtisadiyyatın daralması gözlənilir. Bu ciddi problem yarada bilər. Rusiya-Ukrayna müharibəsi dayanmadığı təqdirdə onun dünya iqtisadiyyatına təsirləri daha da genişlənəcək. Bundan başqa enerji daşıyıcıları üçün də vəziyyət qeyri-müəyyəndir. Yəni ressesiya baş verir, Çin iqtisadiyyatı belə kiçilirsə, deməli, enerji daşıyıcılarına, neftə olan tələbat azala bilər. Bütün bunlar ona görə Azərbaycana bağlıdır ki, gəlirlərinin böyük əksəriyyəti neft və qaza görə formalaşır. Doğrudur, qazla bağlı problem hələ ki gözlənilmir. Çünki Azərbaycanın Türkiyə və bəzi Avropa ölkələri ilə müqavilələri var. Neftin qiymətində isə ucuzlaşmalar ola bilər. Bu da Azərbaycanın büdcə və Neft Fondu gəlirlərinə təsirsiz ötüşə bilməz”.
Ekspertin fikrincə, Azərbaycan iqtisadiyyatının gələn ilki mənzərəsi yenə neft qiymətinin nə qədər olmasından asılıdır:
“Büdcədə neftin qiyməti 50 dollar götürülüb. Bu çox ehtiyyatlı, konservativ addımdır. Bu baxımdan gələn il üçün böyük təhlükə yoxdur. Hətta neft qiymətləri ucuzlaşsa belə, Neft Fonduna yığılmış vəsait Azərbaycana imkan verir ki, büdcə öhdəliklərini yerinə yetirsin. Maaş və pensiyaların ödənilməsində ciddi problemin yaşanacağını düşünmürəm. Amma bu təhlükəli trenddir. Azərbaycan neft gəlirlərindən asılılığı azaltmağın yollarını tapmalıdır. Ümid edirəm ki, yeni iqtisadi model sayəsində real olaraq istehsal sahələrinin artırılmasına, ixracatın çoxşaxəli modelə keçirilməsinə şahid olacağıq”.
Maaş və pensiyaların artırılmasına gəlincə, iqtisadçı bunun yetərli olmaycağını sözlərinə əlavə edib.
“Əslində, inflyasiya göstəriciləri çox yüksəkdir. Qiymətlər kəskin artıb. Rəsmi inflyasiya 14%, ərzaq inflyasiyası isə 21 faizdir. Bu baxımdan sosial xərclərdə 10 faizə yaxın artımın gözlənilməsi maaş və pensiyaların indeksləşdirilməsinin də təqribən 10 faiz civarında olacağını deməyə əsas verir. Yaxşı olar ki, məbləğ daha yüksək olsun. Ancaq indiki büdcə durumunu nəzərə alaraq maaş və pensiyaların 10 faizdən çox artırılacağını deyə bilmirik. Bu artım isə inflyasiya nəzərə alındıqda yetərli deyil”, - Natiq Cəfərli qeyd edib.