Modern.az

Bakının tıxac dərdi və Rusiya nümunəsi - Əslində səbəb başqa imiş...

Bakının tıxac dərdi və Rusiya nümunəsi - Əslində səbəb başqa imiş...

İqtisadiyyat

28 Oktyabr 2022, 10:42

Bakıda müşahidə olunan tıxacın səbəbini adambaşına düşən avtomobil sayına görə deyil, hər kvadrat kilometrə düşən avtomobil sayına görə araşdırmaq lazımdır.

 

Bunu Modern.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O, fikirlərini əsaslandırmaq üçün Rusiya nümunəsini göstərib:

 

"Rusiyada hər 1000 nəfərə 321 ədəd minik avtomobili düşür, Azərbaycanda isə bu rəqəm 121-dir. Göründüyü kimi, Rusiya Azərbaycanı az qala üç dəfə üstələyir. Ancaq Bakıda tıxacın səbəbi kimi bunu, yəni adambaşına düşən avtomobil sayını göstərmək yanlışdır. Çünki tıxac səbəbini adambaşına düşən avtomobil sayına görə yox, hər kvadrat kilometrə düşən avtomobil sayına görə hesablamaq lazımdır".

 

Ekspert vurğulayıb ki, əraziyə düşən sıxlığa görə Azərbaycanda Rusiyadan 7 dəfə, Qazaxstandan isə 16 dəfə çox avtomobil var:

 

"Rusiyada 47 milyon minik avtomobil var və ərazisinə böldükdə hər kvadrat kilometrə 2,7 (3-dən az) avtomobil düşür. Azərbaycanda isə hər kvadrat kilometrə 16 minik avtomobili düşür. Əgər 20% ərazinin 30 il işğalda olmasını və hərəkətdən kənar qaldığını nəzərə alsaq, bu rəqəm bizdə əslində hər kvadrat kilometr üçün 20 avtomobil deməkdir. Qazaxıstanda isə hər kvadrat kilometrə təxminən cəmi 1 avtomobil (1,2) düşür.

 

Hələ bu problemin hamısı deyil. Rusiyada hər birinin əhali sayı milyonlarla ölçülən 9 şəhər var. Əhali sayı 100 minlərlə ölçülən şəhərlərin sayı-hesabı yoxdur. Amma bizdə Bakıdan sonra cəmi 2 böyük şəhər hesab edilən Sumqayıt və Gəncə var ki, onların da toplam əhali sayı heç 700 minə çatmır. Hələ üstəlik iş və ya təhsil üçün Sumqayıt əhalisi də Bakıya axışır. Sumqayıt kimi sənaye şəhərinin əhalisi Bakıya axışırsa, onda Lənkərandan, Şəkidən, Qubadan Bakıya axışan insanlara nə demək olar?!

 

Bunun adı urbanizasiyadır. Bütün ölkələrdə inkişaf artdıqca urbanizasiya vüsət alır. Amma urbanizasiya təkcə bir şəhərin şişməsi, insanların bir şəhərə toplanması deyil, urbanizasiya həm də belə şəhərlərin sayının daha da artması prosesidir. Biz isə urbanizasiyanı yalnız paytaxtda hiss edirik. Bu isə ölkə iqtisadiyyatı üçün ciddi fəsadlar yaradır. Tıxac bunun gözlə görünən ən sadə fəsadıdır"

 

İqtisadçının fikrincə, tıxac problemindən xilas olmaq üçün regionların inkişafına xüsusi diqqət yetirilməlidir:

 

"Regionların uğurlu şəkildə inkişaf etdirilməsi özü böyük şəhərlər yaradır. Bu uzun proses olsa da, problemin ən real həllidir. Düzdür, regionların iqtisadi inkişafı üçün biz silsiləli proqramlar və tədbirlər icra edirik. Amma yenə Bakı şişməkdə davam edirsə, deməli, əlavə olaraq daha nələrsə edilməlidir. Bunun üçün mütləq kənd təsərrüfatı məhsullarının emalı sahəsində ciddi vergi güzəştlərinə başlanılmalıdır. Qeyd edim ki, bu addım atılarsa, yüzlərlə digər problemlər həllini tapar. Bundan savayı əksər ali məktəblər fərqli regionlara köçürülməlidir. Bunu təkcə tıxaca görə qeyd etmirəm. Bakıda kirayə qalan tələbələr kirayə haqlarını, gündəlik xərclərini rayonlarda xərcləyəcək. Kirayə bazarı canlanacaq. Müəllim heyəti rayonlarda yaşayacaq, pullar orada xərclənəcək. İqtisadi aktivlik formalaşacaq. Yardımçı sahələr rayon əhalisinə məşğulluq imkanı yaradacaq. İnsanlar ailəsini, uşağını götürüb çörək dalınca Bakıya qaçmayacaq.

 

Aktivlik artdıqca orta məktəblərdə belə canlanmalar artacaq. Müəllimlərin, həkimlərin rayonlarda işləmək istəyi formalaşacaq. Bu da zəncirvari rayon iqtisadiyyatına geridönüş edəcək. Gənclərin “gözəl həyat” arzusu ilə Bakıya axını nisbətən səngiyəcək. Digər yandan hansı qurumların ki, işi birbaşa regionlarla bağlıdırsa, onlar Gəncə şəhərinə köçürülməlidir. Qurumlararası komunikasiyalar onsuz da elektron formatdadır. Atılmalı olan addımların daha bir neçəsini sadalamaq olar, amma bu 3 addımın ilk ikisini hazırkı məqamda ən vacib hesab edirəm".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi