“Mən 9 ildir ki, nazir kimi fəaliyyət göstərirəm. Bu illər ərzində ilk dəfə cənab Prezidentdən qanunun icrası ilə bağlı məsələdə dəstək istəmişəm. Həmin məsələ elə məhz bu qanun idi”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Dövlət-özəl tərəfdaşlığı haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Sizə elə gələ bilər ki, qanun layihəsi asan başa gəlib. Amma bu, bildiyiniz kimi deyil. Uzun müddətdir ki, bu qanun üzərində işlər aparılır. Həmçinin burada məmur kimi çıxış edirəm və mən bu qanun layihəsini müdafiə edirəm”, - deyə nazir vurğulayıb.
Qeyd edək ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin payız sessiyasında növbəti iclası keçirilib. İclasda “Dövlət-özəl sektor tərəfdaşlığı haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb. Müzakirələrdə iqtisadiyyat naziri Mikayıl Cabbarov da iştirak edib.
Sözügedən Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin bəndlərinə uyğun olaraq, dövlət-özəl tərəfdaşlığı sahəsində fəaliyyətin həyata keçirilməsinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.