2022-ci ilin 9 ayında ümumi daxili məhsul real ifadədə 5.6%, o cümlədən qeyri-neft sektoru üzrə 10.1% artıb.
Bu barədə Modern.az-a Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd olunub ki, qeyri-neft sektorunda ən çox artım turizm və ictimai iaşədə (74%), nəqliyyat və anbar təsərrüfatında (27.2%), informasiya və rabitədə (15.5%), tikintidə (13.3%) olub.
Mərkəzi Bank tərəfindən aparılan real sektorun monitorinqinin nəticələrinə görə sentyabrda əvvəlki aya nəzərən biznes inam indeksi qeyri-neft sənayesi, ticarət və xidmət sektorunda yüksəlib.
Rəsmi məlumata görə, iqtisadi aktivliyin yüksək qalmasına məcmu tələbin bütün komponentləri şərait yaradır. 2022-ci ilin 9 ayında ötən ilin eyni dövrünə nəzərən pərakəndə ticarət dövriyyəsinin 2.9% artması istehlak tələbinin genişləndiyini göstərir. Bu dövrdə qeyri-neft investisiyalarının həcmi 18.1% artmışdır. Qeyri-neft ixracının artması da daxili tələbə dəstək verir. 9 ayda dövlət büdcəsi xərclərinin 15.6% artması məcmu tələbə təsir göstərib.
"2023-cü il üzrə açıqlanan dövlət büdcəsi parametrlərindən görünür ki, qarşıdakı ildə də məcmu tələbin dəstəklənməsində dövlət xərcləri əhəmiyyətli rol oynayacaqdır. Növbəti ildə cari xərclərin əhəmiyyətli artımı istehlakı daha da genişləndirəcək", - AMB-dən bildirilib.