Modern.az

Qida rasionumuz: Bahalaşmadan sonra nə yeyirik?

Qida rasionumuz: Bahalaşmadan sonra nə yeyirik?

6 Noyabr 2022, 11:10

Dünyada ərzaq məhsullarının bahalaşması insanların qida rasionunda ciddi dəyişikliyə səbəb olub. Aztəminatlı ailələr qiymətlərin kəskin artımı ilə əlaqədar bir çox ərzaq məhsullarından imtina etmək məcburiyyətində qalıblar.

 

Araşdırmalara əsasən, bahalaşma fonunda ət, balıq və qiyməti “əl yandıran” digər məhsullardan istifadə edənlərin sayında ciddi azalma müşahidə edilir. Kasıb təbəqənin nümayəndələri əsasən tərəvəz və qiyməti münasib olan digər məhsullara üstünlük verirlər ki, bütün bunlar qlobal bahalaşmanın fəsadları kimi qiymətləndirilir.

 

Bəs, Azərbaycanda vəziyyət necədir? Bahalaşma bizim ailə menyumuzdan hansı qida məhsullarını çıxdaş edib?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ərzaq məhsullarının bahalaşması insanların qida rasionuna və sağlamlığına olduqca ciddi mənfi təsir göstərir:

 

“Qiymətlərin bahalaşmasına səbəb karter sövdələşmələri və inhisarçılıqdır. Azad İstehlakçılar Birliyi bu il bazarda müəyyən araşdırmalar aparıb. Araşdırmalar nəticəsində məlum olub ki, karter sövdələşmələri çox asanlıqla qiymətləri təyin edir. Bununla da bazarda yüksək qiymətlər yaranır. Ətin qiymətinin qalxması ölkəmizdə heyvandarlığın azalması ilə bağlıdır. Burada Rusiyadan ölkəmizə gələn heyvanların sayının azalmasını da diqqətə çatdırmaq yerinə düşər. Yeri gəlmişkən heç bundan əvvəl də dünya göstəricilərinə görə, insanlar bir sıra qidaların mühüm tərkib hissəsi olan ətlə kifayət qədər qidalana bilməyib. Balıq məhsullarına da əlçatanlıq aşağıdır. Təəssüf ki, ərzaq məhsullarının bahalaşması hələ bundan sonra da davam edəcək. Bu isə insanların cibinin soyulmasına və  immunitetlərinin aşağı düşməsinə, nəhayət, dərman biznesinin inkişafına səbəb olacaq”.

 

 

Azərbaycan vətəndaşları qidalanmada hansı ərzaqlara üstünlük verir?

 

E.Hüseynov cavabında deyib: “Hazırda bitki yağları, düyü, kartof və soğan insanların əsas qida mənbəyinə çevrilib. Getdikcə bu tendensiya daha da güclənəcək. Kərə yağlarına əlçatanlıq kəskin azalıb. Meyvənin kəskin bahalaşması vətəndaşları konservləşdirilmiş məhsullara sövq edəcək. İnsanlar əsasən un və un məhsullarına üstünlük verəcək”.

 

Qeyd edək ki, statistik göstəricilərə əsasən, əhalinin gəlirlərinin 75 faizi qidaya sərf olunur. İnkişaf etmiş ölkələrdə bu göstərici 25% təşkil edir. Azərbaycan əhalisi günlük qida rasionunda əsasən ət və çörəyə üstünlük verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi