Modern.az

Azərbaycan Fransa mallarını boykot edə bilər? - İqtisadçıdan TƏKLİFLƏR

Azərbaycan Fransa mallarını boykot edə bilər? - İqtisadçıdan TƏKLİFLƏR

İqtisadiyyat

16 Noyabr 2022, 14:52

Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qətnamə iki ölkə arasındakı münasibətlərin gərginləşməsinə səbəb olub.

Azərbaycanda bəzi ekspertlər Fransaya qarşı sərt tədbirlərə əl atılmasını, iqtisadi əlaqələrin kəsilməsini təklif edirlər. Ancaq bu təkliflərdən bir çoxu pafos və pupulizmdən, bayağılıqdan o yana keçmir.

Modern.az-ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli də Fransa senatının hüquqazidd sənədinə rəsmi Bakının sərt reaksiya verməli olduğunu düşünür, amma daha ağıllı və məntiqli qərarların qəbulunu istəyir.

“Mən bu yöndə populizmə yuvarlanan açıqlamalar, mövqelər də görürəm, istərdim ki, məntiqə, rəqəmlərə söykənən yanaşma və atılacaq addımların düşünülmüş alqoritmi olsun”.

Ekspert deyib ki, bu ilin ilk 9 ayında Azərbaycan Fransaya cəmi 48 mln.691 min dollarlıq mal-məhsul (əsasən neft) ixrac edib – bu, ölkəmizin həmin dövrdə ixracının cəmi 0,16%-dir.
Eyni dövrdə Fransa Azərbaycana 170 mln. 182 min dollarlıq mal-məhsul ixrac edib ki, bu da ölkəmizin idaxalının cəmi 1,65%-dir.

“Yəni, biz Fransaya mal satmasaq, ordan da mal almasaq, rəsmi Parisə heç bir təsiri olmayacaq. 2021-ci ildə Fransanın ümumi ixracı 585 mlrd. dollar olub, indi Azərbaycan 200 mln. dollar mal almasa nə olacaq?! Heç nə, hətta biz onlara 50 mln. dollarlıq neft satmasaq da, Fransaya heç bir təsiri olmayacaq”.


N.Cəfərli deyib ki, Fransaya təsir edəcək məsələlərdən biri Azərbaycanda çalışan fransız şirkətləridir – bu ölkənin 300-ə yaxın şirkəti bizim məmləkətdə işləyir.

“Aralarında “Alstom”, “Thales”, “Schneider-Electric”, “Suez”, “Technip”, “Total”, “Lafarge-Holcim” kimi tanınmış, öz lobbi qrupları olan, Fransa siyasətinə təsir edə biləcək şirkətlər də var. Azərbaycan hökuməti həmin şirkətləri dəvət edib onlarla danışmalı, onların Fransa siyasətinə təsir mexanizmlərindən istifadə etməyi öyrənməlidir”.

N.Cəfərlinin qənaətinə görə, biz nə etsək də, Fransanın mövqeyini kökündən dəyişə bilməyəcəyik:

“Bunun obyektiv-subyektiv səbəbləri var – ona görə də, Azərbaycan hökuməti “Fransa mövqeyini dəyişəcək” adıyla həmin ölkədə kilsə-muzey, park təmirindən vaz keçib milyonlar xərcləməyi dayandırmalıdır. Bu yol işləmir, “hər şeyin pulla həll edilməsi” yanaşması Fransada çalışmır-çalışmayacaq,

Fransaya təsir edə biləcək ən böyük addımlardan biri isə bu ölkənin dünyanın müxtəlif bölgələrində digər ölkələrlə rəqabəti zamanı rəsmi Parisin rəqiblərini dəstəkləməkdir – Fransaya təmirə milyonlar xərcləməkdənsə, rəsmi Parisin rəqiblərinə Afrika, Asiya ölkələrində milyonlar xərcləmək daha məntiqlidir, özü də ki, dünyanın bu bölgələrində Fransanın açıq-gizli rəqibi həmişə Böyük Britaniya olub, niyə də ingilis dostlarımızı daha yaxından dəstəkləməyək?!

Xülasə, emosiyaları, populizmi kənara qoyub ağılla-məntiqlə, peşəkarlıqla bu mövzularda düşünmək, qərarlar almaq və davranmaq lazımdır...”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi