“Mən həmişə demişəm ki, inflyasiyaya qalib gəlməyin yolu bolluqdur”.
Modern.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
“Ölkədə ərzaq və kənd təsərrüfatı məhsullarının bolluğuna diqqət yetirmək, inkişafına şərait yaratmaq lazımdır. Məhsulların qiymətləri günü-gündən sürətlə artır, bu da insanları narahat edir. Ölkədə kənd təsərrüfatının vəziyyəti qənaətbəxş deyil”, - deyə deputat qiymət artımından şikayətlənib.
Rüfət Quliyev çıxışı zamanı dərman satışı ilə bağlı problemlərə də toxunub: "Artıq apteklərdə “Aspirin kardio” və “Aspirin” yoxdur. Bir aydır ki, bu dərmanlar tapılmır. Dərmanlarla bağlı ölkədə problem var, ona görə də Türkiyə ilə bu sahədə əməkdaşlıq vacibdir. Oradakı şirkətləri bura dəvət etməliyik ki, birgə işlər görə bilək”.