Modern.az

Bank sektorundakı durğunluq böhrana səbəb olacaq

Bank sektorundakı durğunluq böhrana səbəb olacaq

23 Noyabr 2022, 15:50

Azərbaycanda son 5 ildə bank sektoru durğunluq dövrünü yaşayır. Bəzi rəsmi statistikalar göstərir ki, problemli kreditlər azalıb. Amma açıqlamırlar ki, problemli kreditlər nəyin hesabına azalıb, silinib, yoxsa, qaytarılıb.

 

Bu sözləri Modern.az-a açıqlamasında bank üzrə ekspert Əkrəm Həsənov deyib.

 

Banklardakı son durum barədə danışan ekspertin sözlərinə görə, problemli kreditlər azalıb, eyni zamanda kredit faizləri sabitləşib:

 

“Banklara yerləşdirilən depozitlər, əmanətlər sabitdir. Son iki ildə heç bir bank bağlanmayıb. Sonuncu dəfə 2020-ci ildə 4 bankın fəaliyyəti dayandırılmışdı. Durğunluğun arxasında ciddi proseslər baş verir. Bu da bank sisteminin inhisarlaşmasıdır. Böyük banklar var ki, gün keçdikcə daha da böyüyür, kiçik və orta banklar isə kiçilməyə doğru gedir. Orta və kiçik banklara Mərkəzi Bank kredit vermir, yalnız bir neçə böyük banka kreditlər verilir. Hətta xarici valyutanı da bütün banklara yox, böyük banklara satırlar. Azərbaycanda bankların müflisləşməsi və əmanətlərin sığortalanması sistemi elə qurulub ki, fəaliyyəti dayandırılan banklarda sahibkarların pulları batır. Buna görə də ölkədəki sahibkarlar çalışırlar ki, pullarını böyük banklarda saxlasınlar. Onlar bilirlər ki, böyük bankların bağlanma ehtimalı yoxdur. Hazırkı durğunluq ciddi bank böhranına gətirib çıxaracaq”.

 

 

Ə.Həsənov qeyd edib ki, son illər ərzində maliyyə bazarında da dəyişiklik müşahidə edilməyib:

 

“Azərbaycanda qiymətli kağızlar bazarı demək olar ki, yoxdur, sığorta bazarı isə çox kiçikdir, illər keçsə də, böyümür. Təəssüf hissi ilə qeyd edirəm ki, hər üç bazarın Mərkəzi Banka verilməsindən sonra vəziyyət daha da pisləşib, çünki sığorta və qiymətli kağızlar sahəsi ilə məşğul olmurlar. Onları əsasən bank sistemi maraqlandırır”.

 

Ekspertin fikrincə, bank sistemində əhalini narahat edən başlıca səbəb kredit faizlərinin yüksək olmasıdır:

 

“Əhali hesab edir ki, kredit faziləri çox yüksəkdir. Bu, təkcə bankların günahı deyil. Ölkədə əmanətlər üzrə faizlər yüksəkdir. Dünyanın aparıcı ölkələrində əmanət üzrə faizlər 1-2 faizdirsə, bu göstərici Azərbaycanda 10-12 faizdir. Qanunlarda boşluğun olması səbəbindən banklarda əminlik hissi yoxdur. Fikirləşirlər ki, krediti verirəm, amma kredit geri qaytarılmayanda rəsmi və qeyr-rəsmi xeyli xərcim çıxacaq. Həmin xərcləri bağlamaq üçün kredit faizlərini daha yüksək edirlər. Kredit faizlərindən əlavə problemlər də var. Məsələn, bank kartlarından vəsaitlərin oğurlanması aktual problemdir. Elə həftə yoxdur ki, bu problemlə bağlı mənə zəng vuran olmasın. Təəssüf ki, bu problemlə məşğul olan yoxdur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi