AMB yeni sistemi istifadəyə verdi

AMB yeni sistemi istifadəyə verdi

2 Dekabr 2022, 11:10

Mərkəzi Bank tərəfindən kapital bazarının inkişafına dair strateji planda, həmçinin “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin icrası çərçivəsində Qiymətli Kağızların Emissiyası Sistemi yaradılıb və 2 dekabr 2022-ci il tarixindən istifadəyə verilib.

 

Bu barədə AMB-dən Modern.az-a verilən məlumatda bildirilib.

 

Sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjası tərəfindən emitentlərə göstərilən xidmətlərin elektron şəkildə həyata keçirilməsinə başlanılmışdır. Bu sistemin yaradılmasında əsas məqsəd kapital bazarı üzrə elektron xidmətlərin tətbiqini genişləndirməklə bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsidir.

 

Sistem investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, səhmlərin birləşdirilməsi, xırdalanması və nominal dəyərinin artırılması və ya azaldılması zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının Azərbaycan Respublikası ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsinin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

 

Əvvəllər adıçəkilən əməliyyatlar üzrə emitentlər yuxarıda qeyd olunan hər üç quruma ayrı-ayrılıqda müraciət edirdi və tələb olunan sənədlər kağız daşıyıcılarda təqdim olunurdu. Prosesin vahid portal üzərindən icrası və əməliyyatların elektronlaşdırılması ölkəmizdə kapital bazarının inkişafına, bu sahədə xidmət keyfiyyətinin artırılmasına və emitentlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcəkdir.

 

Kapital bazarından səhm və istiqraz emissiya etməklə maliyyələşmə istəyən şəxslər, habelə anderraytinq xidmətini göstərən investisiya şirkətləri //securities.e-cbar.az internet resursu vasitəsilə keçid etməklə sistemdən istifadə edə bilərlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir