Modern.az

“Qaz qovşağı” - Azərbaycan Putinin layihəsinə qoşulacaqmı? 

“Qaz qovşağı” - Azərbaycan Putinin layihəsinə qoşulacaqmı? 

İqtisadiyyat

9 Dekabr 2022, 11:03

Rusiya Prezidenti Vladimir Putinin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla oktyabrda görüşü zamanı irəli sürdüyü “Qaz qovşağı”nın əsas məqsədi Avropaya qaz ixracının yeni sistemini bazara tətbiq etməkdir.

 

Bunu Modern.az-a açıqlamasında Neft Araşdırmaları  Mərkəzinin sədri İlham Şaban deyib. Onun sözlərinə görə, Türkiyədə yaradılacaq qovşaqda Niderlandın Rotterdam şəhərində və Avstriyada yerləşən limanlar kimi qısamüddətli qaz ixracı həyata keçiriləcək.

 

“2015-ci ildən bəri Rusiya özünün 83 faiz qazını məhz qısamüddətli müqavilələr əsasında satır. Rusiyanın bazarda qısamüddətli müqavilələrlə ixrac sahəsində 7 illik təcrübəsi var. Azərbaycanın 2007-ci ildən qaz ixracını və 2020-ci ilin sonundan Avropaya qaz ixracına nəzər saldıqda isə ixracın əsasən uzunmüddətli qaz müqavilələri əsasında həyata keçirildiyini qeyd edə bilərik. Ötən ildən başlayaraq bizdə də qısamüddətli müqavilələrlə qaz ixracı təcrübəsi yaranıb. Belə ki, Yunanıstan və İtaliya kimi Avropa ölkələri normadan artıq qaz almalı olublar. Qax ixracı Avropada hərraclarla elan edilmiş qiymət əsasında həyata keçirilib. İkinci tərəfdən Azərbaycan Avropa bazarına çıxarmaq istədiyi əlavə 10 milyard kub qazı da uzunmüddətli müqavilələr əsasında satmağı planlaşdırır. Bunu Azərbaycan Prezidenti, Dövlət Neft Şirkəti, Azərbaycan Energetika naziri də deyir. Ona görə uzunmüddətli qaz müqavilələri ilə satış bizim üçün əlverişlidir ki, Abşeron kimi mürəkkəb geoloji şəraitdə olan qaz yataqlarını istismar etmək üçün milyardlarla kapital qoyulmalıdır. Qazı hasil edən şirkətlər hansı müddətə məhsulu sata biləcəklərini, qazı hansı formada alacaq şirkətlərin olacağını bilməlidirlər. Bundan əlavə, onlar Xəzərin ən dərin hissəsində yerləşən qaz yatağından kapital qoyub, qaz çıxarmağın nə üçün rentabelli olduğunu bilməlidir", - ekspert Azərbaycanın "qaz qovşağı" layihəsində iştirakı perspektivini dəyərləndirib.

 

 

İlham Şaban hesab edir ki, Türkiyənin Azərbaycana təklif etdiyi "qaz qovşağı" layihə bizim üçün də maraqlıdır:

 

"Azərbaycanın "Abşeron-2" yatağından əlavə çıxaracağı qazın həcmi qovşaqla müqayisədə daha azdır. İkinci tərəfdən kiçik həcmləri bazarda satmaq daha mütəhərrik vasitələr tələb edir. Bu, maraqlı ola bilər. Ancaq bunun üçün gərək Türkiyənin qaz mərkəzindən qaz almaq istəyən Avropa şirkətləri ortaya çıxsın. Məsələ burasındadır. Ancaq gələcək üçün pespektivli, maraqlı ola bilər və böyük qazanc əldə edə bilərik. Ümumilikdə isə Türkiyənin çox düzgün addım atdığını düşünürəm. İlkin dövrdə Avropaya Rusiya və Azərbaycan qazı ötürüləcək. Gələcəkdə bura İsrailin, İraqın, Türkmənistanın qazı da qoşulduqda, niyə bundan istifadə edilməsin? 

 

Qeyd etdiyim kimi, Avstriyada və Niderlandda yerləşən qovşaqlara daha yenisi əlavə olunacaq. Əgər bu layihə reallaşsa, əlbəttə, Azərbaycan üçün də iqtisadi qazanc gətirə bilər. Əsas qıcıqlandırıcı məsələ burada Rusiya faktorunun olmasıdır. Qərbdə belə fikir yaranıb ki, hazırda başqa qaz yoxdur, Rusiya qaz qovşağı məsələsi ilə onları manipuliyasiya etmək istəyir. Türkiyədən yararlanıb qaz satmaq istəyir. Mən hesab edirəm ki, nə Ukrayna-Rusiya müharibəsi, nə də Rusiya-Qərb düşmənçiliyi dünya durduqca davam edəcək. Doğrudur, biz o fikirdən də uzağıq ki, sabah müharibə bitən kimi, Qərblə Rusiya münasibətləri dərhal düzələcək. Mən sadəcə orta prespektivdə bunu deyirəm. Belə götürdükdə hələ 10 il Qərb-Rusiya qarşıdurması olacaq. Bizim "Abşeron-2" yatağının işlənib bazara çıxarılması 2028-2030-ci illərdə reallaşa biləcək. Ümumiyyətlə, bu layihənin reallaşması hələ uzun kəçəcək. Çünki bu fikri Putindən öncə 1991-ci ildə Türkiyə Prezidenti Turqut Özal təklif etmişdi. Həmin vaxtdan düz 31 il keçir".

 

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin “Şimal axını” qaz boru kəmərlərindəki təxribatlardan sonra Türkiyədə qaz qovşağı yaratmağı təklif edib. Bu qovşaq vasitəsilə Rusiya qaz tranzitini Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər.

 

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər. Nazir Dönməz isə bildirib ki, Rusiya prezidentinin Türkiyədə təklif etdiyi qovşaq layihəsi çərçivəsində qazpaylama mərkəzi ölkənin Avropa hissəsi olan Frakiyada yerləşəcək.

 

Bu yaxınlarda mediaya açıqlama verən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycanın da “qaz qovşağı” layihəsinə dəstək verdiyini söyləyib.

 

“Azərbaycan Prezidenti İlham Əliyev bu layihəni dəstəklədiyini bildirib. Həftənin sonunda Azərbaycan nümayəndə heyəti İstanbulda mənim qonağım olacaq, biz bu layihəni müzakirə edəcəyik”, - nazir vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı