“Taxıl dəhlizi” işə başlayandan indiyədək Ukraynanın 14 milyon tona yaxın kənd təsərrüfatı məhsulu ixrac edilib. Avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 550 gəmi Ukrayna limanlarını tərk edib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb.
Bildirilib ki, "Taxıl dəhlizi"nin həyata keçirilməsi çərçivəsində dekabrın 13-də Ukraynanın ərzaq məhsulları ilə dolu daha 8 gəmisi Odessa limanlarını tərk edib.
Məlumata görə, gəmilərin göyərtəsində 238,6 min ton kənd təsərrüfatı məhsulu var və onlar Asiya, Avropa ölkələrinə yola salınıb. Hazırda Odessa limanlarında 23 gəmi emal mərhələsindədir. Onlar 690 min ton Ukrayna kənd təsərrüfatı məhsulunu yükləyirlər.
Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb. Taxıl daşıyan ilk gəmi avqustun 5-də Odessa limanını tərk edib.