Qara dənizin dibiylə elektrik enerjisinin Avropaya ixrac olunması ilə bağlı böyük bir layihə Prezidentin bugünkü Rumıniya səfərilə ciddi fazaya keçir. Gündəm cənab Prezidentin Rumıniyaya işgüzar səfəridir. Səfər çərcivəsində “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanma mərasimi baş tutub.
Modern.az xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Eldəniz Əmirov səsləndirib. Onun sözlərinə görə, dörd ölkə arasında imzalanmış saziş gələcəyə hesablanıb.
O fikirlərini belə əsaslandırıb: "Əvvəla ona görə ki, gələcək yaşıl enerjinindir. İkinci ona görə ki, Qara dənizin dibi ilə elektrik enerjisinin Avropaya ixrac olunması ilə bağlı böyük layihə hazırlanır. Bu iş xırda iş deyil. Orada yaradılacaq infrastruktur geniş imkanlı olacaq ki, illər sonra da ixrac həcmi artdıqca ötürmə gücü yetərli olsun. Üçüncü isə, Azərbaycan böyük alternativ enerji imkanlarına malikdir. Hazırda bərpa olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində qiymətləndirilir. Günəş enerjisi potensialı 23 000 MVt, külək enerjisi potensialı 3 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir. 2036-cı ilədək isə Azərbaycan təkcə Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı reallaşdırmaq niyyətindədir. Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçirilir və tam realdır".
Eldəniz Əmirov qeyd edib ki, yeni sazişdə Rumuniya ilə bərabər Macarıstanın da yer alması ciddi məqamlardan xəbər verir. Onun fikrincə, Bakı Gürcüstanı enerji ilə təmin edəcək, oradan isə enerji Rumıniyaya gedəcək. Daha dəqiq desək ki, Azərbaycan birinci böyük həcmdə yaşıl elektrik enerjisi istehsal edəcək və əvvəlcə Gürcüstana, oradan isə sualtı boru kəməri ilə Rumıniyaya tədarük ediləcək:
"Qara dənizin dibi ilə kabellər vasitəsilə xətlərin çəkilməsi üçün Avropa İttifaqının dəstəyini almaq lazımdır. Layihənin Avropa İttifaqının dəstəyini alması üçün ən azı iki üzv ölkənin iştirakı zəruridir. Buna görə də Macarıstan bu plana qoşuldu. Nəticədə tərəflərin hər biri üçün əlverişli vəziyyət yarandı.
Sonrakı illərdə enerji istehsalı artıqca digər Avropa ölkələri, o cümlədən, Xorvatiya, Serbiya və digər ölkələr də bu potensialdan yararlana biləcəklər. Bunun Azərbaycana qazandıracağı siyasi və iqtisadi dividentlər isə hamımıza məlum məsələdir", - ekspert əlavə edib.
Qeyd edək ki, dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar.
İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen iştirak ediblər.