Modern.az

“Xocəsən” stansiyası ilə bağlı vacib təkliflər verildi: “Bunlar edilsə…”

“Xocəsən” stansiyası ilə bağlı vacib təkliflər verildi: “Bunlar edilsə…”

İqtisadiyyat

27 Dekabr 2022, 10:35

“Bakı Metropoliteninin “Xocəsən” stansiyasının istifadəyə verilməsinin nəqliyyat sahəsində ilin ən yadda qalan hadisələrindən olduğunu qeyd etmişdim.

Şəhərətrafı ictimai nəqliyyatla bu stansiyanın fəaliyyəti yaxşı əlaqələndirilsə, Bakının şimal-qərb istiqamətində, xüsusən də Avtovağzal, “Şamaxinka” və “20 Yanvar” tərəflərdə nəqliyyatın hərəkətinə az da olsa, müsbət təsiri görə bilərik”.

Modern.az-ın məlumatına görə, bunu nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “Xocəsən” metrostansiyasının istifadəyə verilməsindən danışarkən bildirib.
 

Ə.Hüseynov xatırladıb ki, vaxtilə metronun “Avtovağzal” stansiyası istifadəyə veriləndə (19 aprel 2016-cı il) “Şamaxinka”, “Memar Əcəmi” və “20 Yanvar” tərəflərdə bir qədər yüngülləşmə olmuşdu:

“Lakin təəssüf ki, ictimai nəqliyyatdakı son illərin durğunluğu və geriləmə həmin yerlərdə vəziyyəti 2016-cı ildən əvvələ və hətta daha gərgin səviyyəyə qaytarıb. “Xocəsən” stansiyasının istifadəyə verilməsi də vəziyyəti hiss edilən dərəcədə yaxşılaşdıra bilər. Bunun üçün stansiyanın yanında Nəqliyyat mübadilə mərkəzi yaratmaq zəruridir. Lökbatandan, o cümlədən “Sədərək”, “Binə” və “Meyvəli” ticarət mərkəzlərindən Ələtədək, şimal-qərb istiqamətində isə Sulutəpədən Pirəkəşkülədək, habelə Xırdalanın qərb tərəfindən sərnişin axınını bu stansiyaya yönəltmək lazımdır. Bunun üçün müəyyən marşrut avtobuslarının hərəkət sxemi dəyişdirilməlidir, stansiya ətrafındakı yollarda və oraya gətirən yollarda hərəkətin təşkilində ciddi dəyişikliklər edilməlidir. Düşünürəm ki, bundan sonra göstərilən istiqamətdən müntəzəm olaraq sərnişin daşıyan taksilərin də bəziləri tədricən “Xocəsən” stansiyasını seçəcək”.

Ekspert deyib ki, sadalanan təkliflər həyata keçirilsə, Metropolitenin “Bənövşəyi xətti” üzrə indiki hərəkət qarafiki (qatarlar arsında intervalın 8 dəqiqə olacağı deyilir) də “Şamaxinka”dakı və “20 Yanvar” zonasındakı sürəkli tıxaclardan daha cazibədar olacaq.
 

“Perspektivdə isə "Xocasən" stansiyası yaxınlığındakı dəmir yolu üzərində şəhərətrafı qatarlar üçün stansiya tikmək, Lökbatan-Ələt istiqamətində şəhərətrafı qatarlarla səmərəli sərnişindaşıma təşkil etmək lazımdır. “Bənövşəyi xətt”in "8 Noyabr" stansiyasından sonrakı hissəsinin tikintisinin sürətləndirilməsi və bu xətt üzrə qatarlararası intervalın azaldılması da çox vacibdir”, - Ə.Hüseynov vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi