“Düz 10 illik uzun və maraqlı İçərişəhər səyahətim, nəhayət ki, bu gün bitir”.
Modern.az xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsindən çıxan Riyad Qasımov bildirib.
“2013-cü ildə "İçərişəhər" DTMQ İdarəsinin komandasına qoşulanda təsəvvürümə belə gətirə bilməzdim ki, həyatımın və karyeramın bu mərhələsi bu qədər maraqlı və uzun olacaq. Bu onillik yolda çox pozitiv və neqativ təcrübə qazanıldı, çoxlu yeni tanışlıq və dostluqlar oldu, xoşbəxt və kədərli günlər yaşandı...
Lakin bir şey hər zaman ən vacib olmuşdur - tariximizin və mədəniyyətimizin qədim nadir incisi olan gözəl İçərişəhərimiz: onun qorunması, canlı şəhər kimi inkişaf etməsi, çiçəklənməsi üçün daimi olaraq çalışmaq, onu dünyada təbliğ etmək, tanıtmaq”.
R.Qasımov bildirib ki, 10 il çalışdığı (ondan 5 ili İdarənin Aparat rəhbəri vəzifəsində) "İçərişəhər" DTMQ İdarəsində son iş gününü başa vurub.
“Bu gün İdarədə son günüm olsa da - İçərişəhərdə, təbii ki, son günüm deyil. Bu doğma məkana mən, nəhayət, ziyarətçi, qədim şəhəri sevən və onsuz həyatını təsəvvür edə bilməyən biri kimi dönəcəm.
Karyeramı İçərişəhərin hüdudlarından kənarda, paytaxtımızın, belə desək, "Bayır şəhəri" hissəsində, şəhərsalma və memarlıq səhəsində davam etdirəcəm. Dövlət qulluğunda davam edərək, bu vacib və önəmli sahədə iş təcrübəmi istifadə etmək və yeni nailiyyətlər əldə etmək olduqca maraqlı və şərəflidir”, - R.Qasımov qeyd edib.
Qeyd edək ki, İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri vəzifəsinə yeni tətinat da olub. Modern.az-ın məlumatına görə, bu vəzifəyə gənclər və idman nazirinin keçmiş müavini İntiqam Babayev gətirilib.
İntiqam Babayev buna qədər Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri vəzifəsində çalışırdı.
O, 1998-1999-cu illərdə Gənclər, İdman və Turizm Nazirliyinin Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri, 1999-2000-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin Siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
2000-ci ildən 2021-ci ilin noyabrına kimi gənclər və idman nazirinin müavini vəzifəsində işləyib.
A.Qorxmaz