Azərbaycanın yeganə regional bankı “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasındakı istefalardan sonra yeni təyinatlar məlum olub.
Modern.az xəbər verir ki, bank sahəsində təcrübəyə malik olan Binnət Novruzov bankın Müşahidə Şurasına sədrlik edəcək. Bununla bağlı səhmdarlar qərar qəbul edib.
Buna qədər Müşahidə Şurasınının sədri Əsədulla İsgəndərov Fikrət oğlu idi. O bu vəzifəsindən azad edilərək Müşahidə Şurasının üzvü seçilib.
Binnət Novruzov indiyə qədər “Unibank” ASC, “Socar Overseas” MMC və “Rabitəbank” ASC-də çalışıb.
Onun karyerasının mühüm hissəsi “Rabitəbank” ASC ilə bağlıdır. O, 16 il bu bankda yüksək vəzifələrdə çalışıb. 2016-cı ilin aprelindən Binnət Novruzov bankın baş direktoru olub.
Xatırladaq ki, “Naxçıvanbank” 2008-ci ildə yaradılıb, ölkənin yeganə regional bankıdır. Nizamnamə kapitalı 94 milyon manatdır. Bankın səhmdarları 4 fiziki şəxsdir.