İran və Rusiya xarici ticarət hesablaşmalarında dollar, rubl və rial əvəzinə işləyəcək regional kriptovalyuta yaratmağı planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.
Rusiya Kriptoindustriya və Blokçeyn Assosiasiyasının baş direktoru Aleksandr Brajnikov deyib ki, İranın Mərkəzi Bankı Rusiya ilə xarici ticarət əməliyyatlarında ödəniş vasitəsi kimi stablekoin yaratmağı nəzərdən keçirir.
Kriptovalyuta qızılla dəstəklənəcək.
Potensial sikkə Rusiyanın İran yüklərini qəbul etməyə başladığı Həştərxandakı xüsusi iqtisadi zonada işləyəcək.
Danışıqların mövcudluğunu Dövlət Dumasının deputatı Anton Tkaçev də təsdiqləyib.
Tkaçev qeyd edib ki, bu mövzu yalnız Rusiyada kriptovalyutaların tam tənzimlənməsindən sonra dövlət səviyyəsində müzakirə olunacaq. Bu, 2023-cü il ərzində baş verməlidir.
Rusiya Mərkəzi Bankı kriptovalyutaların ölkə daxilində ödəniş vasitəsi kimi istifadəsinin əleyhinədir. Bununla belə, idxal və ixrac əməliyyatlarında kriptovalyutanın istifadəsini dəstəkləyir.